Mənəvi Dəyərlərin Təbliği Fondu “Hər məsciddə kitabxana” layihəsinin təşkili xidmətləri ilə bağlı keçirdiyi tenderə yekun vurub.
NOCOMMENT.az xəbər verir ki, satınalma müsabiqəsinin qalibi “PREMYER PRODAKŞİN” MMC seçilib və tərəflər arasında 22 986,4 AZN məbləğində müqavilə imzalanıb.

Müqavilə çərçivəsində şirkət ölkə üzrə (Naxçıvan MR daxil) videoçarxların hazırlanması, dron və foto çəkilişləri, eləcə də çap və dizayn işlərini icra etməlidir.
32gun.az-ın əldə etdiyi məlumata görə, qalib elan edilən “PREMYER PRODAKŞİN” MMC-nin hazırda dövlət büdcəsinə 8 866.21 manat vergi borcu mövcuddur.

Bildirək ki, 10 manat nizamnamə kapitalı ilə təsis edilmiş şirkətin qanuni təmsilçisi Məmmədov Səxavət Fazil oğludur. Hüquqi ünvanı Mingəçevir şəhəri, Sabir küçəsi, ev 1, mənzil 30 olaraq qeydiyyata alınıb.
Mənəvi Dəyərlərin Təbliği Fondu (MDTF), Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən dövlət qurumudur. Fond ölkədə mənəvi dəyərlərin qorunması, inkişafı və bu sahədə dövlət siyasətinin həyata keçirilməsi məqsədilə yaradılmışdır.
Qurumun cari fəaliyyətinə və icraçı strukturuna rəhbərliyi Vüsal Göyüşov həyata keçirir; o, 2024-cü ilin iyul ayında icraçı direktor vəzifəsinə təyin edilmişdir. Fondun strateji qərarlarının qəbulu və fəaliyyətinə ümumi nəzarət isə 5 nəfərdən ibarət Himayəçilik Şurası tərəfindən təmin olunur. Hazırda Himayəçilik Şurasının sədri vəzifəsini Aynur Sofiyeva icra edir. İdarəetmə prosesində icraçı direktora müavinlər Ceyhun Əliyev və Rəşid Paşalı köməklik göstərirlər./32gun.az/










