12 qəza, 908 ölüm: “Baş verənlər ciddi təhlil olunmalıdır” – Polkovnikbackend

12 qəza, 908 ölüm: “Baş verənlər ciddi təhlil olunmalıdır” – Polkovnik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son aylarda təyyarə qəzaları ilə bağlı xəbərlər cəmiyyətimizdə narahatlığa səbəb olub. Az qala hər gün hansısa ölkədə təyyarə qəzasının olması ilə bağlı informasiyalar rastımıza çıxır.

Bu da Azərbaycan cəmiyyətində təyyarə qəzalarının artması ilə bağlı fikirlər formalaşdırıb.

Hər nə qədər təyyarə ictimai nəqliyyat növləri arasında ən təhlükəsizi hesab edilsə də, baş verən qəzalar kütləvi ölümlə nəticələnə bilir.

NOCOMMENT.az xəbər verir ki, ölkə.Az son 5 ildə (2020, 2021, 2022, 2023, 2024) dünyada çox sayda insanın ölümü ilə nəticələnən əksəriyyəti böyük mühərrikli mülki olmaqla təyyarə qəzalarını və onların səbəblərini araşdırıb.

2020-ci ildə baş verən çox sayda təyyarə qəzalarından 3-ü kütləvi ölümlə nəticələnib.

2020

7 avqust 2020-ci ildə Birləşmiş Ərəb Əmirliklərində yerləşən Dubay Beynəlxalq Hava Limanından Hindistanda yerləşən Kozhikode Beynəlxalq Hava Limanına gedən Hindistana məxsus sərnişin təyyarəsi qəzaya uğrayıb. Hadisə nəticəsində 4 kabin heyəti üzvü və 165 sərnişin sağ qalıb, sərnişin və hər iki pilot daxil olmaqla 21 nəfər həlak olub. Qəzaya səbəb kimi pilot səhvi və pis hava şəraiti göstərilib.

2020

Pakistan International Airlines Flight 8303 Lahordakı Əllamə İqbal Beynəlxalq Hava Limanından Pakistanın Kəraçi şəhərindəki Cinnah Beynəlxalq Hava Limanına planlı daxili uçuş idi. 22 may 2020-ci ildə uğursuz eniş cəhdindən sonra Airbus A320 eniş zolağından cəmi bir neçə kilometr aralıda Kəraçi şəhərinin sıx məskunlaşdığı Model Koloniyasına çırpılıb.

Pilotun səhvi ucbatından təyyarə ilk eniş zamanı ciddi zədələnib və uçuş zamanı hər iki mühərrik alovlanıb. Təyyarənin göyərtəsində olan 91 sərnişin və 8 ekipaj üzvündən 97-si həlak olub, 2 isə xəsarət alaraq sağ qalıb. Qəza nəticəsində yerdə olan 8 nəfər də yaralanıb, onlardan biri daha sonra aldığı xəsarətdən keçinib.

2020

Ukrayna Beynəlxalq Hava Yollarının 752 saylı uçuşu Ukrayna Beynəlxalq Hava Yolları tərəfindən həyata keçirilən Tehrandan Kiyevə müntəzəm beynəlxalq sərnişin reysi idi. 8 yanvar 2020-ci ildə Boeing 737-800 havaya qalxdıqdan qısa müddət sonra İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən vurulub. Hadisə nəticəsində təyyarənin göyərtəsində olan 176 sərnişinin hamısı həlak olub.

İran rəsmiləri əvvəlcə təyyarənin məhv edilməsinə görə məsuliyyət daşıdıqlarını inkar etsələr də, sonradan İran hökuməti SEPAH-ın 752-ci reysi səhvən Amerikanın qanadlı raketi kimi təyin edərək vurduğunu etiraf edib.

2021-ci ildə isə sərnişin təyyarələrinin qəzaya uğraması ilə 90 nəfər ölüb.

2021

Rusiyada 2021-ci ilin 6 iyulunda baş verən daxili Petropavlovsk-Kamçatski Hava Uçuş 251 reysi zamanı isə Antonov An-26 təyyarəsi qəzaya uğrayıb. Qəza təyyarənin göyərtəsində olan 28 sərnişin və o cümlədən ekipajın hamısının ölümü ilə nəticələnib. Qəza zamanı təyyarə uçurumla toqquşub. İstintaq materialında hadisə şübhəli kimi qiymətləndirilib. İstintaqın hələ də davam etdiyi bildirilir.

2021

İndoneziyanın daxili reysi olan “Sriwijaya Air Flight 182” isə 9 yanvar 2021-ci ildə havaya qalxdıqdan beş dəqiqə sonra dənizə düşüb və göyərtəsində olan 62 nəfərin hamısı həlak olub. Bir il sonra qəzaya dair dərc edilən yekun hesabatda nasaz avtodroselin və pilot xətası birləşməsinin qəzaya səbəb olduğu qeyd edilib.

2022-ci ildə isə 3 böyük sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 173 nəfər dünyasını dəyişib.

2022

“China Eastern Airlines” 5735 saylı reysi Kunminqin Çanşuy Beynəlxalq Hava Limanından Çinin Quançjou şəhəri Baiyun Beynəlxalq Hava Limanına planlı daxili sərnişin reysi idi. 21 mart 2022-ci il tarixində Quanqxi ərazisində təyyarə yüksək sürətlə yerə çırpılıb və göyərtəsində olan 132 sərnişin və ekipaj üzvlərinin hamısı ölüb.

Çoxsaylı hesabatlarda təyyarənin qəsdən qəzaya uğradıldığı deyilir, lakin Çin Mülki Aviasiya Administrasiyası (CAAC) tərəfindən rəsmi araşdırma davam edir. Bu, 2022-ci ildə ən ölümcül təyyarə qəzasıdır.

2022

Tanzaniya daxilində Julius Nyerere Beynəlxalq Hava Limanından Mvanza Hava Limanı vasitəsilə Bukoba Hava Limanına planlaşdırılmış daxili sərnişin reysi 6 noyabr 2022-ci ildə qəzaya uğrayıb. ATR 42–500 təyyarəsi pis hava şəraiti və görmə məsafəsinin pis olmasına görə Bukobaya enməyə cəhd edərkən Viktoriya gölündə qəzaya uğrayıb. Təyyarədə olan 43 nəfərdən 19 sərnişin, o cümlədən hər 2 pilot xilasedicilər onlara çatana qədər boğularaq ölüb.

2022

Nepalda daxili sərnişin təyyarəsi reysi olan Tara Air Uçuş 197 29 may 2022-ci ildə qəzaya düşüb. 22 nəfəri (19 sərnişin və 3 ekipaj üzvü) daşıyan Twin Otter təyyarəsi yola düşdükdən təxminən 12 dəqiqə sonra hava dispetçerləri ilə əlaqə kəsilib. Dağıntılar 20 saat sonra dağın yamacında tapılıb. Bütün 22 sərnişin, o cümlədən ekipaj üzvləri həlak olub.

Yekun hesabata görə, qəzanın ehtimal olunan səbəbi, təyyarənin Ərazidən Qaçma və Xəbərdarlıq Sistemi (TAWS) ilə nəticələnən Alət Meteoroloji Vəziyyəti (IMC) şəraitində səhvən uçarkən uçuş heyətinin düzgün uçuş marşrutunu izləməməsi və lazımi uçuş marşrutunu saxlamaması olub.

2023-cü ildə isə kütləvi ölümə səbəb olan 1 mülki təyyarə qəzası baş verib.

2023

Katmandudan Nepalın Pokxara şəhərinə uçan planlı daxili sərnişin 15 yanvar 2023-cü ildə qəzaya uğrayıb və göyərtəsində olan 68 sərnişin və 4 ekipaj üzvünün hamısı həlak olub.

Qəzaya səbəb kimi iş yükünün çox olmasından qaynaqlanan insan səhvi, müvafiq texniki və bacarıqlara əsaslanan təlimin olmaması, ekipaj resurslarının səmərəsiz idarə edilməsi (CRM), pilot kabinəsinin steril intizamının olmaması və standart əməliyyat prosedurlarına (SOP) əməl edilməməsi olub.

2024-cü ildə isə AZAL təyyarə qəzasının da daxil olduğu 3 qəza nəticəsində ümumilikdə 279 nəfər ölüb.

2024

9 avqust 2024-cü ildə Braziliyada daxili sərnişin reysi zamanı ATR 72-500 təyyarəsinin San Paulo əyalətinin Vinhedo şəhərində qəzaya uğraması nəticəsində təyyarədə olan 62 nəfərin hamısı həlak olub. Aviasiya mütəxəssisləri qəzanın ilkin nəticələrinə dair hesabatda buzun yığılmasının faktor ola biləcəyini qeyd edib.

2024

25 dekabr 2024-cü ildə Azərbaycan Hava Yolları aviaşirkətinin J2–8243 nömrəli Bakı–Qroznı reysini yerinə yetirən “Embraer E190AR” təyyarəsi Qazaxıstanın Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib. Xəzər dənizi üzərində “SOS” siqnalı verdikdən sonra məcburi eniş etmək üçün Qazaxıstana istiqamətlənən təyyarə Aktau aeroportu yaxınlığında qəzaya uğrayıb.

Faktla bağlı Azərbaycan, Qazaxıstan və Rusiyada cinayət işləri başlanıb. Sonradan təyyarənin Rusiya tərəfindən vurulduğu məlum olub.

Bu yaxınlarda Qazaxıstan Nəqliyyat Nazirliyi AZAL aviaşirkətinə məxsus “Embraer-190” təyyarəsinin iştirakı ilə baş vermiş aviasiya hadisəsinin araşdırılması üzrə ilkin hesabatı dərc edib. Hesabatda AZAL təyyarəsinin xarici təsirə məruz qaldığı təsdiqlənib. İlkin istintaq nəticələrinə əsasən, təyyarə Rusiyaya məxsus Pantsir-S1 hücumuna məruz qalıb.

Hadisə nəticəsində təyyarənin göyərtəsində olan 62 nəfərdən 38-i ölüb, 29 nəfər isə sağ qalıb.

İstintaq davam edir.

2024

9 dekabr 2024-cü ildə Banqkok-Muan istiqamətində uçuş həyata keçirən Boeing 737–800 sərnişin təyyarəsi Muan Beynəlxalq Hava Limanında uçuş-enmə zolağından çıxaraq maneəyə çırpılıb. Göyərtədə olan 181 nəfərdən 179-u həlak olub. Sağ qalan 2 kabin heyəti gövdədən ayrılan təyyarənin arxa hissəsində oturduğu üçün yaralı halda xilas edilib.

Hesabatda təyyarənin quş sürüsü ilə toqquşduqdan sonra qəzaya uğradığı öz əksini tapıb.

Keçmiş MTN polkovniki, təhlükəsizlik eksperti İlham İsmayıl Ölkə.Az-a açıqlamasında təyyarə qəzalarının sayında artım olmadığını deyib. O hesab edir ki, məhz AZAL təyyarəsinin qəzaya uğramasından sonra cəmiyyət belə hadisələri xüsusilə Pizləyir:

“Təyyarə qəzaları hər zaman olub. Az-az olsa da, nadir hallarda baş versə də, təəssüf ki, itki kütləvi şəkildə olur. Məhz AZAL təyyarəsinin vurulmasından sonra Azərbaycan ictimaiyyəti baş verən təyyarə qəzalarına həssaslıqla yanaşır. Amma bu o demək deyil ki, təyyarələrin təhlükəsizlik məsələləri arxa plandadır. Çox sayda təyyarə xətləri fəaliyyət göstərir və bunların təhlükəsizliyi bütün dövlətlər tərəfindən qorunur”.

Bununla belə, İ.İsmayıl hesab edir ki, son baş verən hadisələrin yaranma səbəbləri ilə bağlı olaraq əlavə təhlükəsizlik tədbirləri görülməlidir:

“Hesab edirəm ki, son dövrlərdə baş verənlər təhlil olunmalı, yaranma səbəbləri ciddi araşdırılmalı və onların aradan qaldırılması istiqamətində işlər görülməlidir. Təbii ki, bunun üçün bir ölkə tərəfindən deyil, beynəlxalq formada tədbirlər həyata keçirilməlidir”.