Hər il fevralın 14-ü Azərbaycanda və dünyanın bir çox ölkəsində sevginin bayramı kimi qeyd olunur. Bu gün sevgililər və evli cütlüklər bir-birinə hədiyyələr alır, çiçəklər bağışlayır, kiçik sürprizlərlə böyük hissləri ifadə etməyə çalışırlar. Məqsəd eynidir – günü unudulmaz və yaddaqalan etmək.
Adətən Sevgililər Günü ərəfəsində gül mağazalarında iynə atsan yerə düşməz. Sifarişlər əvvəlcədən verilir, ustalar gecəyarısına qədər buket hazırlayırlar.
Lakin bu il mənzərə bir qədər fərqli idi.
NOCOMMENT.az xəbər verir ki, gözlənilən izdiham, uzun növbələr, tələskən seçimlər – bunların heç biri yox idi. Vitrinlər sevgi rənginə boyansa da, mağazaların içində sakitlik hökm sürürdü.
Güllər hazırdır, buketlər düzülüb, ayı kuklaları səliqə ilə rəflərdə yerini alıb həsrətlə alıcıların yollarına boylanırdılar. Sanki sevgi bu il bir az daha sakit, bir az daha səssiz qeyd olunur.
Bəlkə də insanlar artıq bahalı buketlərdə deyil, daha sadə jestlərdə sevgi axtarırlar. Hisslər nümayişdən çox, səssizliyə çəkilib sanki.
Güllərin qiymətlərində də ciddi artım müşahidə edilmir.

Metronun “28 May” stansiyası yaxınlığında yerləşən bir neçə gül mağazasında apardığımız müşahidə zamanı məlum oldu ki, buketlərin qiyməti 20 manatdan başlayaraq 400 manata qədər yüksəlir. Seçimdən, güllərin sayından və dizayndan asılı olaraq rəqəmlər dəyişir. Sadə, zərif buketlər daha münasib qiymətə təklif olunsa da, xüsusi tərtibatlı kompozisiyalar daha yüksək məbləğə başa gəlir.
Tək güllərin qiymətləri isə belədir:
– Qızılgül – 4-6 manat;
– Çobanyastığı (papatya) – 3-5 manat;
– Nərgizgülü – 2 manat;
– Tülpan – 2 manat 50 qəpik – 3 manat;
– Payız gülü (xrizantema) – 3-4 manat.
Satıcıların sözlərinə görə, hazırda alıcılar daha çox nərgizgülünə üstünlük verirlər.
Yasamal rayonu Yeni Yasamal yaşayış massivində fəaliyyət göstərən gül satışı ilə məşğul olan mağaza şəbəkəsində ən ucuz gül buketi 30, ən baha gül buketi isə 1000 manata başa gəlir. Bahalı buketlər istəyə uyğun hazırlanır.
Tək güllərin qiymətləri isə belədir:
– Qızılgül – 5 manat (buket hazırlanarsa, 4 manat 50 qəpik olur);
– Nərgizgülü – 3 manat.
Mağazada həmçinin ayı kuklası da satılır ki, bu da ölçülərinə görə qiyməti 20 manatdan başlayaraq 600 manata qədər qalxır.

Satıcının sözlərinə görə, insanlar daha çox 200-400 manata olanlar kuklalara üstünlük verirlər.
Fərdi satış mağazalarında isə ayı kuklası 5 manat ilə 350 manat arasında dəyişir. Onların ölçüsü isə çox böyük olmur.
Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən gül satışı mağazasında ən ucuz gül buketləri 10 manat, ən bahalı buketlər isə 60 manatdır.
Tək güllərin qiymətləri isə belədir:
– Qızılgül – 4-6 manat arasında dəyişir;
– Tülpan 2 manat.
Burada həm də ayı kuklaları da satılır ki, onların qiyməti də 5 manat ilə 90 manat arasında dəyişir.
Masazır qəsəbəsi, Qurtuluş 93 Yaşayış Kompleksinin yaxınlığında yerləşən gül satışı mağazasında ən ucuz buket 15 manat, ən bahalı isə 75 manatdır. Mağazada kuklaların qiyməti isə 12 manat ilə 110 manat arasında dəyişilir. Burada həmçinin hədiyyə üçün bəzəkli qutular və suvenirlər də var.

Tək güllərin qiymətləri isə belədir:
– Qızılgül – 5 manat;
– Tülpan 2 manat 50 qəpik – 3 manat.
Güllər arasında ən ucuz tülpan və nərgizgülüdür. Ən ucuz gül buketi isə 10 manata başa gəlir.
Ola bilsin bu gün şəhər sakinlərini ən çox düşündürən sual da “nə alım?” idi.

Amma 14 fevralın mahiyyəti seçimin özündə deyil. Gülü uzadarkən titrəyən barmaqlarda, hədiyyəni açarkən gizlədilən təbəssümdə, “bunu sənin üçün seçdim” deyərkən səsə qarışan səmimiyyətdədir.
Bəzən ən sadə buket ən böyük sevincə çevrilir. Bəzən isə heç bir hədiyyə olmadan deyilən bir cümlə günü yaddaqalan edir. Bu gün mağazalarda sakitlik ola bilər, seçimlər fərqli ola bilər. Amma bir həqiqət dəyişmir: insan sevdiyini xatırlayırsa, onu sevindirmək üçün bir addım atırsa, artıq ən dəyərli hədiyyə verilib deməkdir.
Sonda qalan nə buketin formasıdır, nə də qablaşdırmanın rəngi. Sonda qalan hisslərdir ki, onlar da heç vaxt solmurlar. /Oxu.Az/













