1 sentyabrda Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərlə bağlı təşviqat kampaniyası çərçivəsində diqqət mərkəzində olan seçki dairələrindən biri 16 saylı Yasamal ikinci seçki dairəsidir.
NOCOMMENT.az Pravda.az-a istinadən xəbər verir ki, həmin dairədə qeydə alınan 9 namizəd sırasında maraqlı adlar var. Dairədə hakim partiyanı Azərbaycan Texni̇ki̇ Uni̇versi̇teti̇nin kafedra müdiri Həbib Mirzəyev təmsil edir. Onun ən ciddi rəqibləri REAL-ın namizədi VI çağırış Milli Məclisin deputatı Erkin Qədirli və AMİP-in sədr müavini Elşən Mustafayevdir. Digər 6 namizəd isə bitərəfdir.
Pravda.az 16 saylı seçki dairəsindəki vəziyyəti öyrənmək üçün E.Mustafayevlə əlaqə saxlayıb. E.Mustafayev bildirib ki, təşviqat kampaniyası normal qaydada davam edir, heç bir problem yoxdur: “Ciddi bir şey olsa, bilərdim. Mənə qarşı heç bir təzyiq olmayıb. Digər namizədlər barədə isə nəsə deyə bilmərəm. Ərazinin keçmiş deputatı haqda da şikayətlər eşitməmişəm. Belə çıxmasın ki, kimisə müdafiə edirəm. Problem olsaydı, nöqtə-vergülünə kimi deyərdim. Bu mənim xarakterimə uyğundur. Hələ seçki təşviqatının başa çatmasına iki həftəyə yaxın vaxt qalıb. Qarşıdakı vaxt ərzində hansısa problem olsa, əlbəttə ki, deyəcəyəm. Görüşlərin əksəriyyəti məhəllə görüşləridir. Namizədlər buna üstünlük verirlər. Digər dairələrdən fərqli olaraq bizim dairədə qapalı məkanlarda görüşlər çox azdır”.