Xəbər verdiyimiz kimi, dekabrın 28-də ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenski ilə danışıqlar aparıb. Daha sonra Zelenski Avropa liderləri, o cümlədən İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə də görüşlər keçirib.
Danışıqlardan sonra tərəflər yekun nəticələri və növbəti addımları müzakirə etmək məqsədilə birgə mətbuat konfransı təşkil ediblər. Ukrayna Prezidenti Volodimir Zelenski mətbuat konfransında bildirib ki, 20 maddəlik sülh planı artıq 90 faiz səviyyəsində razılaşdırılıb.
“Böyük nailiyyətlər əldə etmişik. 20 bəndlik sülh planı üzrə razılaşma 90 faizdir. ABŞ-nin təhlükəsizlik zəmanətləri tam razılaşdırılıb. ABŞ və Avropanın təhlükəsizlik təminatları ilə bağlı da demək olar ki, yekdil mövqe formalaşıb. Hərbi aspektlər üzrə isə razılaşma 100 faizdir”, – deyə Zelenski vurğulayıb.
Onun sözlərinə görə, inkişaf planı tamamlanma mərhələsindədir və tərəflər növbəti addımların ardıcıllığını da müzakirə ediblər. Zelenski qeyd edib ki, təhlükəsizlik zəmanətləri davamlı sülhə nail olmaq üçün əsas mərhələ hesab olunur və tərəflərin komandaları bütün istiqamətlər üzrə işi davam etdirirlər.
ABŞ Prezidenti Donald Tramp da çıxışında məsələlərin 95 faizi üzrə yekun razılığın əldə olunduğunu təsdiqləyib.
Qeyd edək ki, Tramp və Zelenski arasında görüş Floridadakı Mar-a-Laqo iqamətgahında baş tutub və iki saat yarımdan çox davam edib.
Maraqlıdır ki, 20 maddəlik sülh planının 90–95 faiz səviyyəsində razılaşdırılması, ABŞ və Avropanın təhlükəsizlik zəmanətlərinin demək olar ki, tam uzlaşdırılması və hərbi aspektlər üzrə tam razılaşma fonunda bu sənəd real və davamlı sülhə gətirib çıxara bilərmi? Xüsusilə Rusiya tərəfinin mövqeyi, Avropa ölkələrinin uzunmüddətli öhdəlikləri və regionda güc balansının dəyişməsi nəzərə alındıqda qarşıdakı əsas risklər və çağırışlar nələrdir?

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Asif Şəkərli bildirib ki, reallıqda bu plan yalnız baza sənədi rolunu oynayır və Rusiya ilə razılaşma olmadan sülh mümkün deyil. Onun sözlərinə görə, Kremlin mövcud mövqeyi planı qəbul etməyə yaxın görünmür.
“Zaman faktoru burada mühüm rol oynayır. Planın icrası aylar, hətta illər çəkə bilər. Ən həssas məsələ Donetsk və digər şərq bölgələri ilə bağlı hərbi və siyasi güzəştlərdir. Bütün bunları nəzərə alsaq, 20 maddəlik plan daha çox strateji baza sənədi kimi qiymətləndirilə bilər. Ən azı tərəflərin üzərində işləyə biləcəyi ortaq mətn mövcuddur”, – deyə şərhçi qeyd edib.
Asif Şəkərlinin sözlərinə görə, Rusiya hələlik sənədə rəsmi reaksiya verməyib və Kreml təmsilçiləri planın araşdırıldığını bildirirlər.
O vurğulayıb ki, Zelenskinin planında ABŞ, Avropa və Ukrayna vahid mövqedən çıxış edir ki, bu da Moskvanın tərəfləri bir-birindən ayırmaq cəhdlərinin nəticəsiz qalması deməkdir.
“Bu şəraitdə Rusiya ya planla razılaşaraq yeni müqavilələr imzalayacaq, ya da ABŞ başda olmaqla müttəfiqlərin daha sərt sanksiyaları ilə üzləşəcək. Belə vəziyyətdə Rusiyanın xaricdən cəlb etdiyi canlı qüvvə də onu ciddi çətinliklərdən xilas edə bilməz”, – deyə o əlavə edib.
Sülhün real perspektivlərinə toxunan şərhçi bildirib ki, indiki mərhələdə davamlı razılaşmanın əldə olunması çətin görünür. Onun fikrincə, sülh planındakı bəzi müddəalar buna imkan vermir və bunu həm Vaşinqton, həm Kiyev, həm də Avropa yaxşı anlayır.
“Ağ Ev də artıq sülhün tezliklə əldə olunacağına inanmır. ABŞ vitse-prezidenti Cey Di Vensin Ukrayna üzrə danışıqlarla bağlı açıqlamaları göstərir ki, proses yeni mərhələyə keçib, lakin sülh hələ də zəmanət altında deyil. Bu mərhələ emosional və siyasi ritorikadan real güzəştlər və itkilər üzərində qurulan mərhələyə keçidi ifadə edir. Bu isə həm fürsət, həm də ciddi risklər deməkdir”, – deyə Asif Şəkərli vurğulayıb.









