2022-ci ilin dövlət büdcəsi ən çox nəyə xərclənəcək?backend

2022-ci ilin dövlət büdcəsi ən çox nəyə xərclənəcək?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Büdcə dövlətin əsas maliyyə sənədidir. Hər il hökumət tərəfindən dövlət büdcəsinin hazırlanaraq parlamentə təqdim olunması parlament və hökumət arasındakı əməkdaşlığın nümunəsi kimi qiymətləndirilməlidir”.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri Modern.az-a Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Mahir Abbaszadə deyib.

Onun sözlərinə görə, 2022-ci ilin dövlət büdcəsi Azərbaycanın müstəqillik tarixinin ən böyük büdcəsi hesab olunur:

“Çünki istər makroiqtisadi sabitliyin qorunması, istər fizikal dayanıqlığın təmin edilməsi, digər tərəfdən ölkədə sahibkarlara qarşı dövlətin birbaşa və dolayısı ilə ilk dəfə yardımların edilməsi, digər bir tərəfdən işğaldan azad olunan ərazilərin bərpası ilə bağlı 2021-ci ildə kifayət qədər işlərin görülməsi əslində 2022-ci ilin Azərbaycan Respublikasının dövlət büdcəsinin istər mədaxil, istər məxaric hissəsinin artan templərlə inkişaf etməsinin əsas maliyyə təminatını yaradıb.

2021-ci ilin dövlət büdcəsi qəbul olunarkən neftin 1 barelinin 40 dollar qəbul edilməsi və ortalama 68 dollar həcmində satılması isə ölkədə makroiqtisadi sabitliyin qorunub saxlanmasına, fizikal dayanıqlığın təmin edilməsinə səbəb olub.

Həmçinin işğaldan azad olunan ərazilərin bərpası ilə bağlı dövlət büdcəsinə birbaşa edilən investisiyalar nəticəsində həmin ərazilərin şəklinin dəyişdirilməsinin, gələcəkdə Azərbaycan iqtisadiyyatı üçün inteqrasiya olunacaq iqtisadiyyatın qurulmasının, inkişaf etdirilməsinin ilk rüşeymlərini həll edə bildik”.

Deputat əlavə edib ki, 2022-ci ilin dövlət büdcəsinin gəlir hissəsində 1 milyard 600 milyona yaxın artım var:
“Bu vergi daxilolmalarından və gömrük rüsumlarındandır. Vergi daxilolmalarından artırmalar heç də vergi dərəcələrinin artırılması ilə bağlı deyil, yeni vergi mənbələrinin əldə edilməsi ilə bağlı olan məsələlərdir.

Dövlət büdcəsinin xərc hissəsinə baxdıqda isə görürük ki, Azərbaycanda sosial müdafiənin gücləndirilməsi,

sərhədlərimizdə təhlükəsizliyin və sülhün təmin edilməsi, səhiyyə, təhsil sahəsində aparılan islahatların dəstəklənməsi üçün kifayət qədər maliyyə vəsaitləri ayrılıb.

Əslində dünya təcrübəsi göstərir ki, dövlətlər müharibədən çıxdıqdan sonra sosial müdafiə xərclərini azaltmalı, təhlükəsizlik xərclərini isə artırmalıdır. Müharibədən yeni çıxmağımıza baxmayaraq dövlət başçısı sosial müdafiəni gücləndirir, davamlı təhlükəsizlik və hərbi məsələlərin həll edilməsi ilə bağlı da büdcədən kifayət qədər vəsaitlərin ayrılmasını təmin edir.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 gün ərzində Azərbaycanın işğal altında olan torpaqlarını geri qaytardıq. Ötən ilin dövlət büdcəsində olduğu kimi, bu il də Azərbaycanda işğaldan azad olunmuş ərazilərin bərpası ilə bağlı 2.2 milyard manat vəsait ayrılıb. Bu torpaqlarda infrastrukturun yaradılması, yeni iqtisadiyyatın qurulması, iri layihələrin həyata keçirilməsi nəzərdə tutulub.

Bunu etməklə 30 il ərzində məcburi köçkün həyatına məhkum olmuş, cənab Prezidentin də qeyd etdiyi kimi “müəyyən mənəvi zərbələr almış insanların işğaldan azad olunmuş ərazilərə qayıtmasını və eyni zamanda burada həmin insanlar üçün layiqli həyatın qorunub saxlanması, inkişaf etdirilməsi məsələsini həll etmiş olacağıq.

Həmçinin, 2022-ci ilin dövlət büdcəsində təhsilə və səhiyyəyə ayrılan vəsaitlər bir daha göstərir ki, Azərbaycan dövləti məhz bu hədəflərin həyata keçirilməsi ilə bağlı israrlıdır”.
Mahir Abbaszadə fikirlərinə davam edərək qeyd edib ki, əsas məsələlərdən biri isə səhiyyə xərcləri artırılarkən burada təxminən 300 milyon manata yaxın koronavirus pandemiyasına qarşı ölkədə aparılan mübarizə tədbirləri və bunun içərisində isə ölkə əhalisinin peyvəndlənməsi ilə bağlı məsələlərə əlavə vəsaitlərin ayrılması nəzərdə tutulur.