Qüdrət Həsənquliyev: “Şəffaflıq təmin edilsə, bu istiqamədə büdcəyə daha çox vəsait cəlb edə bilərik”
Milli Məclisin dekabrın 15-də keçirilən iclasında 2025-ci ilin dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələri ikinci oxunuşda müzakirə olundu. Spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclada hökumət üzvləri də iştirak edirdi.
NOCOMMENT.az xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarova gündəliyə 10 məsələnin – 2025-ci ilin dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələrinin ikinci oxunuşda daxil edildiyini diqqətə çatdırdı. Spiker birinci məsələnin “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi (ikinci oxunuş) olduğunu söylədi. İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov bu məsələ barədə məlumat verdi. Bildirdi ki, “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi həm komitələrdə, həm də Milli Məclisin plenar iclasında birinci oxunuşda geniş müzakirə olunub. Plenar iclasdan sonra büdcə zərfinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində aidiyyəti dövlət orqanlarının nümayəndələrinin iştirakı ilə ikinci oxunuşda müzakirəsi keçirilib və komitə üzvlərinin qaldırdığı məsələlərə münasibət bildirilib. Komitə sədri vurğuladı ki, növbəti ilin dövlət büdcəsinin layihəsi ölkə Prezidenti tərəfindən müəyyən edilmiş strateji vəzifə və təşəbbüsləri, habelə yeni dövrün çağırışlarını, milli inkişaf prioritetlərindən irəli gələn sosial-iqtisadi hədəfləri özündə əks etdirir və onların icrası üçün zəruri maliyyə təminatı yaradır. O, qanun layihəsinin büdcə qanunvericiliyinin tələblərinə, ölkənin strateji sənədlərinin müddəalarına cavab verdiyini deyib. A.Əmiraslanov qeyd etdi ki, 2025-ci ilin büdcə zərfində makro-iqtisadi sabitlik, davamlı iqtisadi artım və büdcə dayanıqlığı, iqtisadi siyasətin prinsipləri və əsas hədəfləri müəyyən edilir. Rifaha və iqtisadi artıma yönəldilmiş xərclər bir-birini tamamlayır və günün reallıqlarına cavab verir. O, diqqətə çatdırdı ki, layihədə sosial xərclərin həcmi və strukturu vətəndaşların sosial müdafiəsinin və rifahının dövlətin diqqət mərkəzində saxlanıldığını göstərir: “İqtisadiyyatın şaxələndirilməsi üçün stimullaşdırıcı və təşviqedici tədbirlər nəzərdə tutulur. Sənəd Böyük Qayıdış proqramının maliyyələşdirilməsi, Qarabağda və Şərqi Zəngəzurda yenidənqurma və bərpa prosesinə, bu ərazilərdə iqtisadi həyatın canlanmasına və məskunlaşmaya öz layiqli töhfəsini verəcək”.
Komitə sədri bildirdi ki, müdafiə və milli təhlükəsizlik üçün büdcə vəsaitlərinin artırılması həm ölkənin təhlükəsizliyinə, həm də regionda sülh və sabitliyin qorunmasına xidmət edir. Büdcənin strateji istiqamətləri Azərbaycanın regionda iqtisadi, siyasi və hərbi cəhətdən liderlik mövqeyini daha da möhkəmləndirir. O, növbəti il üçün planlaşdırılan dövlət büdcəsinin milli maraqlarımızın, iqtisadi müstəqilliyimizin, dövlət suverenliyimizin qorunmasına xidmət edən strateji maliyyə sənədi olduğunu vurğuladı.
Sonra iclasda məsələ ətrafında müzakirələr aparıldı.
Deputat Qüdrət Həsənquliyev çıxışına COP-29-un yüksək səviyyədə təşkilinə və əldə olunan nəticələrə görə hökumət üzvlərinə, xidməti olan hər kəsə təşəkkür etməklə başladı. Ardınca dedi ki, hər il büdcənin gəlir və xərcləri artır, iqtisadiyyatımızın həcmi böyüyür: “Bu, müsbət tendensiyadır, amma ÜDM-in real ifadədə 3.5%-lik artımı heç birimizi qane etməməlidir. Çünki qarşımızda həllini gözləyən iri malyyə tutumlu işlər, o cümlədən əhalinin həyat səviyyəsinin yüksəldilməsinə yönələn ciddi qərarların qəbuluna böyük ehtiyac var”. Q.Həsənquliyev qeyd etdi ki, “Milli Təhlükəsizlik haqqında” Qanuna görə, milli təhlükəsizliyimizin təmin olunmasının 6 əsas prinsipindən birincisi Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına riayət olunmasıdır: “Müdafiə və təhlükəsizlik, hüquq-mühafizə orqanları əməkdaşlarına, hakimlərə, dövlət qulluqçularına onların layiqli həyatını təmin edəcək qədər əmək haqqı vermədən korrupsiyaya qarşı effektli mübarizəni təşkil etmək, qanunların aliliyini və mülkiyyət toxunulmazlığını təmin etmək və beləliklə də əlverişli biznes mühiti yaratmaq qarşımızda çətin vəzifə olaraq qalacaq. İnkişafımızın qarşısında duran əsas problemlərdən biri olan bürokratik dövlət aparatı kiçildilməli, yəni optimallaşdırılmalı və bunun hesabına digərlərinin əmək haqqı artırılmalıdır. Birinci oxunuşda bəzi həmkarlarım bizi Qərbi Avropa ölkələri ilə müqayisə etməyi təklif edirdi. 2023-cü ildə iqtisadiyyatın əsas göstəricisi olan adambaşına düşən ÜDM-in həcmi ( 12 114 manat,7155 ABŞ dolları ) olub, bu, Qərbi Avropa ölkələri ilə müqayisədə dəfələrlə azdır. İqtisadiyyata investisiya qoyuluşu keçən illə müqayisədə 3.9% azalıb, Milli Təhlükəsizlik haqqında qanuna görə, iqtisadiyyata investisiya qoyuluşunun azalması iqtisadi təhlükəsizliyə əsas təhdid hesab olunur. 2016-cı ildə Prezident tərəfindən təsdiq olunmuş iqtisadiyyatın inkişafına dair Strateji Yol Xəritəsinə uyğun olaraq üzən məzənnəyə keçməli, böyük özəlləşdirməyə getməliyik”.
Deputat bildirdi ki, hər il olduğu kimi, həmkarları hansısa işlərin görülməsi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün büdcədən əlavə vəsait ayrılmasını təklif edir: “Amma sual yaranır: haradan kəsib hara yönəldək? Bütün istiqamətlər üzrə xərcləri artırmağa ehtiyac var. Ona görə müzakirələr daha çox büdcə gəlirlərinin artırılmasına dair təkliflər verməkdən ibarət olmalıdır. Diqqətinizi bəzi rəqəmlərə cəlb etmək istəyirəm. Səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividentlər 612 milyon 230 min manat proqnozlaşdırılır. Onun 462 milyonunu Dövlət Neft Şirkəti ödəyəcək.Yerdə qalan 150 milyon 230 min manatını isə yerdə qalan digər müəssisələr, onların sayı və dövlət müəssisələrinin birlikdə ödəyəcəkləri vergilərin həcmi barədə də məlumat yoxdur. Hesab edirəm şəffaflıq təmin edilsə, bu istiqamədə büdcəyə daha çox vəsait cəlb edə bilərik”.
Q.Həsənquliyev sonda bir neçə təklifini irəli sürdü: “Küçələrdə təmizlik işləri ilə məşğul olanlar 450 manat maaş alır, onlar hər dəfə mənimlə görüşdə bu məsələni hökumətin diqqətinə çatdırmağı xahiş edirlər. Vəziyyəti dəyişmək üçün bu sahəni təcili özəlləşdirməyi təklif edirəm. Akademiyada elmlər doktoru 764, fəlsəfə doktoru 647, elmi işçi 445, kiçik elmi işçi 415 manat maaş alır. Onların əməkhaqlarının artıırılmasına ciddi ehtiyac var. Dövlət Statistika Komitəsinin yaydığı rəqəmlərə görə, keçən il dünyasını dəyişən kişilərin 47.5%-i pensiya yaşına, 65 yaşa çatmayıb. Bu, hamımızı düşündürməli və narahat etməlidir.
Güclü yağış yağanda su basan “gecəqondular” tikinti şirkətlərinə verilməli, müasir kanalizasiya sisteminin çəkilməsi onlara tapşırılmalıdır. Eynilə zirzəmiləri kanalizasiya suları ilə dolmuş, həyətlərinin abadlaşdırılmasına ciddi ehtiyac duyulan 9 mərtəbəli binalar da. Xarici investorlar cəlb edilməklə neftayırma zavodu Bakının mərkəzindən köçürülməlidir. Ölkədə dövlət müəssisələrinin və xidmət sahələrinin özəlləşdirilməsinə gedilməli, qarşıdakı illərdə neft gəlirlərinin azalacağını da nəzərə alaraq vaxt itirmədən Ümumdünya Ticarət Təşkilatına üzv olmalı, tam olaraq azad bazar iqtisadiyyatına keçməliyik. Təkliflərimin öyrəniləcəyi və nəzərə alınacağı ümidi ilə görülən işlər görə hökumətə təşəkkür edir,islahatların həyata keçirilməsində uğurlar arzu edirəm, Qarabağın bərpası və yenidən qurulması istiqamətində görülən işlərə görə hökumətə təşıkkür edirəm, büdcə layihəsinə səs verəcəm”.
Deputat Aqil Abbas büdcə müzakirələrinin ilk mərhələsində səslənən fikirlərə reaksiya verdi. O, “Bizim qarşımızda çıxış edən nə Norveçin naziridir, nə Almaniyanın. Böyük müharibədən çıxmış ölkənin nazirləridir. Hesablayırlar, nə qəsər pulları var – qıraqdan da bizə pul gəlmir – onu da xərcləyirlər”, söylədi.
A.Abbas hər kəsi səbrli olmağa çağırdı. Bildirdi ki, bir müddət məktəbsiz, susuz qala bilərik. Əsas odur ki, Qarabağ tikilir. “Ağdam 60 minlik şəhər idi. İndi İlham Əliyev orada 100 minlik şəhər tikir. Mən Qarabağda tikilən şəhərlərə İlham Əliyevin şəhərləri deyəcəyəm. Ermənilər Qarabağa 800 milyard dollar ziyan vurub, hələ bir az da çox. 100 minlik şəhər neçəyə başa gələcək, Allah bilir. Qarabağ tikilsin, qaz da olacaq, su da. Hamı şikayət edir ki, su yoxdur, qaz yoxdur, bir müddət yolsuz, məktəbsiz, qazsız qala bilərik. Mənim də kəndimdə qaz yoxdur, görüşəndə deyirəm ki, 30 il qazsız yaşamısız. Camaatla görüş keçirəndə deyirəm Kəlbəcərin, Ağdamın xatirinə qazsız yaşamağa bir az da dözün. Biz də evimizə qayıtmaq istəyirik. Mən Ağdama qayıtmaq istəyirəm”.
Spiker Sahibə Qafarova çıxışa reaksiyasında “Çox sağ olun çıxışınıza görə, Aqil müəllim! Siz düz deyirsiniz, böyük şəhərlər, kəndlər tikilir”, deyə bildirdi. Əlavə etdi ki, Qarabağ yenidən qurulur və Qarabağdakı torpaqlar yerli sakinlərin istifadəsinə verilir.
Çıxışlarda dünyada gedən geosiyasi proseslər fonunda Azərbaycanın rəqabətə dayanıqlı iqtisadiyyatının təmin edilməsinin vacibliyi vurğulandı. Qeyd olundu ki, bu baxımdan 2025-ci ilin dövlət büdcəsində ölkənin hərbi potensialının gücləndirilməsi, təhlükəsizliyinin təmin edilməsi, dövlət sərhədlərinin qorunması, işğaldan azad olunmuş ərazilərimizin bərpası prioritet məsələlər təşkil edir. Eyni zamanda dövlət büdcəsinin sosialyönümlülüyü ölkədə aparılan uğurlu iqtisadi siyasətin əsas hədəflərinin reallaşmasını ifadə edir. İqtisadi islahatların dərinləşməsi, sosial layihələrin uğurla həyata keçirilməsi üçün yaxşı zəmin yaradıldığı söylənildi. Deputatlar vurğuladılar ki, bu gün Azərbaycanda vətəndaş məmnunluğunun artırılması, insanların rifahının yüksəldilməsi əsas prioritetlərdəndir. Çevik iqtisadi yanaşmalar, iqtisadiyyatın şaxələndirilməsi, əlverişli biznes mühitinin formalaşması, investisiya cəlbediciliyi, şəffaflığın artırılması, müasir idarəçilik sisteminin yaradılması, azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri, “Böyük Qayıdış” proqramının uğurla icrası və digər bu kimi mühüm amillər Azərbaycanın dayanıqlı sosial-iqtisadi inkişafından xəbər verir.
Müzakirələrin yekununda “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edildi.
Sonra gündəliyin növbəti iki məsələsi – “Dövlət Sosial Müdafiə Fondunun 2025-ci il büdcəsi haqqında” və “İşsizlikdən Ssığorta Fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihələri təqdim edildi. Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bu məsələlər barədə məlumatında hər iki layihənin birinci oxunuşda ətraflı təqdim edildiyini söylədi. Xatırlatdı ki, Dövlət Sosial Müdafiə Fondunun 2025-ci il büdcəsinin gəlir və xərcləri cari illə müqayisədə 10,5 faiz, İşsizlikdən Sığorta Fondunun növbəti il büdcəsinin gəlir və xərcləri isə cari illə müqayisədə 9,5 faiz çoxdur. Komitə sədri qeyd etdi ki, Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun növbəti il üçün büdcələri vətəndaşların sosial rifahının daha da yaxşılaşmasına, işsizlik səviyyəsinin azaldılmasına, daha geniş məşğulluq imkanlarının yaradılmasına, aztəminatlı ailələrin, şəhid ailələrinin, qazi və müharibə veteranlarının sosial müdafiəsinin gücləndirilməsinə şərait yaradacaq.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov hər iki sənəd barədə bu komitənin müsbət rəyini açıqladı. Müzakirələrdə parlamentin komitə sədri Tahir Rzayev, deputatlar Azər Badamov, Vüqar Bayramov, Elman Nəsirov çıxış edərək, təqdim edilmiş sənədlərin əhalinin sosial rifahının yaxşılaşmasında, xalqımızın gələcək həyat səviyyəsinin daha da yüksəldilməsində mühüm əhəmiyyət kəsb etdiyini söylədilər. Deputatlar növbəti ildə sosial müdafiə sahəsinə ayrılan vəsaitin artırılmasının əhalinin müxtəlif sosial qruplarına dövlət dəstəyinin bariz nümunəsi olduğunu bildirdilər. Qeyd edildi ki, əhalinin aztəminatlı təbəqəsinin, əlilliyi olan şəxslərin, pensiyaçıların həyat şəraitinin daha da yaxşılaşdırılması prioritet olaraq qalır. Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçirilən sosial yardımlar, reallaşdırılan proqramlar bu qrupdan olan insanlara daha geniş imkanlar yaradır. Əminliklə vurğulandı ki, təqdim olunan qanun layihələri 2025-ci ildə də sosial siyasətin uğurla davam etdirilməsinə xidmət edəcək.