“Ağdam rayonunda Sarıcalı, Kəngərli və Xıdırlı kəndlərinin açılışı olub və sakinlərin doğma torpaqlarına köçü təmin edilib. Hazırda Kəngərli və Sarıcalı kəndlərində bu proses başa çatıb. Xıdırlı kəndində isə bu ay ilk 188 ailənin, növbəti iki ay ərzində isə müvafiq olaraq 195 və 390 ailənin köçü həyata keçiriləcək”.
NOCOMMENT.az xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.
O bildirib ki, Ağdam rayonunda Dövlət Proqramı çərçivəsində nəzərdə tutulmuş 5 kənddən 3-də köç təmin edilmiş olacaq:
“Buna paralel olaraq, Baş Qərvənd və Eyvazxanbəyli kəndlərində tikinti işlərinə bu ay start veriləcək və ümid edirik ki, 2026-cı ilin sonunadək işlər yekunlaşacaq və əhalinin köçü təmin olunacaq. Ağdam şəhərində 2-ci yaşayış kompleksində tikinti işləri sürətlə davam edir və oktyabr ayından başlayaraq ilin sonuna qədər 1268 ailənin köçürülməsi planlaşdırılır. Ağdam şəhərində 4-cü yaşayış kompleksinin də tikintisinə başlanılıb. Bu ay ərzində 5-ci yaşayış kompleksinin, sentyabr-oktyabr aylarında isə 3-cü yaşayış kompleksinin tikintisinə başlanılması nəzərdə tutulur. 2026-cı ilin sonuna qədər Ağdam şəhərinə azı 20 min nəfər əhalinin köçürülməsi planlaşdırılır”.