2027-ci ilə qədər işğaldan azad edilən ərazilərdə 140 minə yaxın vətəndaşın məskunlaşması planlaşdırılır. Hazırda isə bu rəqəm 15 min nəfərdən çoxdur.
NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, bu, Prezidentin imzaladığı Sərəncamla hazırlanacaq “Böyük Qayıdışa dair II Dövlət Proqramı”ndan öncəki dövrü əhatə edir. Yeni sənədlərlə Qarabağın inkişafı daha da sürətlənəcək.
Nazirlər Kabineti hər iki sənədin layihəsini və maliyyələşmə təkliflərini doqquz ay müddətində hazırlayıb Prezidentə təqdim etməlidir. Bu işdə beynəlxalq təşkilatlarla, məsləhətçi şirkətlərlə və mütəxəssislərlə əməkdaşlıq nəzərdə tutulur.
Strategiya həm də özəl və xarici investisiyaların artırılmasını, iqtisadiyyatın texnologiya və bilik əsaslı sahələr üzrə inkişafı kimi məqsədləri özündə əks etdirir.
Millət vəkili Vüqar Bayramovun sözlərinə görə, yeni proqramının hazırlanması bir daha sübut edir ki, Qarabağ Azərbaycan iqtisadiyyatının aparıcı qüvvələrindən birinə çeviriləcək. Bütövlükdə yeni mərhələdə Qarabağda məskunlaşmanın davamlılığı ilə yanaşı, regionun iqtisadi rolunun artması da əsas hədəflərdəndir. Bu isə Azərbaycanın növbəti inkişaf mərhələsinin əsas sütunlarından biri olacaq.
Xezerxeber.az mövzu ilə bağlı videomaterialı təqdim edir.