Bəziləri köhnədir, bəziləri də istismar müddətini çoxdan başa vurub.
NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, söhbət paytaxtın Qaradağ rayonu Lökbatan qəsəbəsindən metronun Elmlər Akademiyasına və əks istiqamətdə sərnişin daşıyan 206 nömrəli marşrut avtobuslarından gedir. Sərnişinlər deyirlər ki, xətdə köhnə avtobuslar fəaliyyət göstərir ki, bu da həm təhlükəsizlik, həm də komfort baxımından ciddi problemlərə səbəb olur.
Sərnişinlərin əsas şikayətlərindən biri də avtobusların uzun intervallarla hərəkət etməsidir. Onlar deyirlər ki, pik saatlarda 20-30 dəqiqəlik gözləmə müddəti yaranır ki, bu da insanların işə, dərsə və ya digər yerlərə gecikmələrinə səbəb olur.
Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyi ilə əlaqə saxladıq. Qurumdan “Xəzər Xəbər”ə bildirildi ki, 206 nömrəli müntəzəm marşrut xətti üzrə 8 avtobus 12-13 dəqiqəlik intervalla sərnişinlərə xidmət göstərir. Avtobusların azlığı və nizamlı fəaliyyətin olmaması səbəbindən 206 nömrəli marşrut xətti AYNA tərəfindən müsabiqəyə çıxarılıb, lakin iştirakçı olmadığından müvəqqəti olaraq marşrut həmin daşıyıcının istismarında saxlanılıb. İstismar olunan avtobuslar müasir tələblərə cavab verən nəqliyyat vasitələri ilə əvəzlənmədiyi təqdirdə, 206 nömrəli müntəzəm marşrut xətti yenidən müsabiqəyə çıxarılacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.