Müavinət nədir? Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir.
Qanunvericiliyə əsasən, ölkəmizdə aylıq müavinətlər siyahısına dövlət qulluqçularına ömürlük müavinət, yaşa görə müavinət, əlilliyə görə müavinət, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət, ailə başçısını itirməyə görə müavinət, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinətlər daxildir.
Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun məlumatına görə, 2025-ci ilin iyun ayında ahıllara aylıq sosial müavinət alanların sayı 166 mini ötüb (Oxu.az). Onların 34,84 faizi kişilər, 65,16 faizi isə qadınlardır.
Hazırda əmək pensiyası almayan, rəsmi gəlirləri olmayan, yəni işləməyən 65 yaşına çatmış kişilərə və 64.5 yaşına çatmış qadınlara yaşa görə aylıq 220 manat müavinət verilir.
Bu yaxınlarda vaxtilə dövlət qulluqçusu hesab olunan, amma pensiyaya çıxmasına bir il qalmış Səlim Müslümovun pensiya “islahatı”nın qurbanına çevrilmiş tanışıma dövlət qulluqçuları üçün ömürlük müavinətin mövcud olmasından danışanda təəccübləndi. Məlum oldu ki, ali təhsilli, ömrünün bir neçə ilini dövlət qulluqçusu kimi ölkəmizin inkişafına xidmət etmiş şəxsin bundan heç xəbəri yoxdur. İndiyədək heç bir təhsili olmayan, hətta adını yaza, imza ata bilməyən, bir gün belə işləməyən vətəndaşlar kimi adi – 220 manatlıq müavinət alır.
Halbuki, pensiyaların və müavinətlərin müəyyənləşdirilməsi zamanı hər kəsin əmək kitabçası digər sənədlərlə birlikdə müvafiq orqanların sərəncamında olur.
Sual yaranır: əgər əmək kitabçasında hansısa şəxsin dövlət vəzifələrində çalışması qeydə alınıbsa, nədən ona dövlət qulluqçusu müavinəti təyin olunmayıb? Bu, məgər Dövlət Sosial Müdafiə Fondu əməkdaşlarının cavabdehliyinə daxil deyilmi? Ahıl yaşında şəxs bunun üçün qapı-qapı düşmək və öz haqqını tələb etmək zorunda qalmalıdırmı?
Digər tərəfdən, hər kəsin dövlət qulluqçusu olmadığını nəzərə alsaq, bir anlığa başqa məqamı təsəvvür edək.
Hansısa şəxs təhsil almayıb, bir gün belə işləməyib, pensiya fonduna vergi ödəməyib, amma yaşa görə 220 manat müavinət alır. Digər şəxs ali təhsil alıb, müxtəlif vəzifələrdə çalışıb, 25 ildən az müddət ərzində vergi ödəyicisi olub, o cümlədən də pensiya fondunun zənginləşməsində müəyyən rol oynayıb. Amma o da cəmi 220 manat müavinət alır. Bunun harası sosial ədalətdir?!
Heç kim demir ki, ömründə bir gün işləməyən şəxsə müavinət verilməsin. Əksinə, məhz belə vətəndaşlar qocalıq yaşına çatanda yaşa görə müavinətlə təmin olunmalıdırlar.
Amma, heç olmasa, 10, 20 il işləyən şəxsi onlardan fərqləndirmək olar ki! Belə şəxslərə işlədikləri müddətə görə minimum pensiya vermək mümkündür axı.
Məsələn, pensiya sisteminə görə dünyada birinci yerdə gedən Niderlandda olduğu kimi. Bu ölkədə əhalinin sayı təxminən 17 milyon nəfər təşkil edir, onun təxminən 20%-i pensiya yaşındadır. Amma hökumət layiqli əmək haqqı və pensiya təklif etməklə bütün vətəndaşların rahat yaşayış şəraitini təmin etməyə çalışır.
Niderlandda pensiya üç hissədən ibarətdir: standart pensiya, əlavə pensiya və müstəqil əmanət.
Standart pensiya işləyib-işləməməsindən asılı olmayaraq bütün Niderland vətəndaşlarına ödəniləcək avtomatik ödənişdir. Yaşanan hər il üçün pensiyanın 2%-dən 100%-ə qədərini almaq mümkündür.
Əlavə pensiya almaq üçün pensiya fonduna və ya sığortaçıya müraciət etmək lazımdır.
Müstəqil əmanətlər iki növə bölünə bilər: gəlir vergisindən azad edilən əmanətlər və bütün vergilər ödənildikdən sonra məbləğ.
2024-cü ilin məlumatına görə, Niderlandda yalqız yaşayan pensiyaçılar üçün minimum pensiya 1085 avro, evli cütlüklər üçün isə 1480 avrodur. Tək təqaüdçü əlavə 710 avro, yaşlı cütlük isə əlavə 1014 avro əlavə məbləğə güvənə bilər.
Bu məqama diqqətlə nəzər salaq: yerli sosial təminat sistemi vətəndaşlara ödənişlərinə təsir etmədən tələb olunan yaşa çatmamış pensiyaya çıxmağa imkan verən bir neçə variant təklif edir. Vətəndaşlar 10 illik iş təcrübəsindən sonra cari əmək haqqının 80%-ni ala bilərlər.
Bundan başqa, 60 yaşında pensiyaya çıxmağa icazə verilir, lakin bu halda müavinət maaşın təxminən 65% -ni təşkil edəcək. Lakin bu məbləğ rahat həyat üçün tamamilə kifayətdir.
Yeri gəlmişkən, dövlətdən pensiya almaq üçün niderlandlı olmaq heç də əsas deyil. Ölkədə yaşayan və qanuni fəaliyyət göstərən hər kəs yaşa görə müavinət tələb edə bilər. Pensiya müəyyən edilmiş minimum xalis əmək haqqı əsasında hesablanır və hər ay ödənilir.
Əgər pensiyaçının illik gəliri 38 520 avrodan çox deyilsə, o, tibbi sığorta subsidiyası şəklində səlahiyyətli orqanlardan əlavə ödənişə arxalana bilər. Ödənişlər məzuniyyət, səyahət və kommunal ödənişlər üçün kifayət edir.
Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci il yanvar ayının 1-dək əhalinin sayı 10 milyon 224 min 889 nəfərə çatıb.
Kimsə deyə bilər ki, ixrac iqtisadiyyatına malik, xarici bazarlara yönəlmiş Niderlandın 425.1 milyard avroluq büdcəsi hara, bizim 38 milyard manatlıq büdcəmiz hara?
Amma bizim əhalimizin sayı da Niderlandın əıhalisi qədər deyil axı. Bundan başqa, Qafqazın lideri adlandırdığımız ölkədə 166 min nəfər müavinətçinin arasında ali təhsilli, pensiya stajı 25 il olmayan ahıl vətəndaşlarımızın sayı lap yarıbayarı olsun.
Məgər 83 min vətəndaşımıza minimum pensiya vermək bizim ölkəmizi nə qədər kasıblaşdıra bilər ki?
Belə çıxır ki, ölkəmizin elm, təhsil, mədəniyyət, incəsənət iqtisadiyyat dövlət idarəçiliyində və digər sahələrdə guya böyük əməyi olmuş şəxslərə həm prezidentin fərdi təqaüdləri, həm də yaşa görə pensiyaları verilir, amma bu, maliyyə balansını pozmur. Halbuki, fərdi prezident təqaüdləri 1700 manat təşkil edir, üstəlik, özlərinə az qala bir neçə yerdə iş düzəldən həmin “xoşbəxtlər” yaşa görə yaxşıca pensiya alırlar. Necə deyərlər, fil üstündə qərənfil.
Bəlkə ölkəmizin rifahına “gecə-gündüz töhfə verən” bu “xadimlərə” seçim təklif olunsun: ya prezidentin fərdi təqaüdü, ya da adi pensiya. Nəyə görə həmin şəxslər iki pensiya almalıdır, digərləri heç pensiya da ala bilməməli, 220 manatlıq müavinətə möhtac qalmalıdır?
Amma onsuz da aztəminatlı insanlar olan ahıl vətəndaşlarımıza minimum pensiya verilməsi büdcəmizə yük olur. Budurmu, sosial ədalət?! Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində bunu düşünən varmı?
Üstəlik, 1 yanvar 2025-ci il tarixindən əmək pensiyaçılarının təqaüdü artırılsa da, yaşa görə müavinətçilərin aldıqları 220 manat artırılmayıb. Hərçənd digər sosial müavinətlərdə də artımlar oldu. Yalnız 166 min nəfər, nədənsə, bu prosesdən kənarda qaldı. Halbuki yanvarda həmin məbləğin təyin olunmasının düz üç ili tamam olacaq.
Üç ildir ki, ölkəmizin aztəminatlı təbəqəsi 220 manata möhtac qalıb. Ağsaqqal və ağbirçəklərimizə belə münasibət ayıb deyilmi?
İndi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bununla bağlı sual ünvanlansa, konkret cavab əvəzinə yaşa görə müavinətin son 6 il ərzində nə qədər artdığını sadaladıqlarını eşidəcəksən.
Görəsən, bu nazirlikdə İctimai Şura varmı? Əgər varsa, həmin İctimai Şura hara baxır? Onların pensiyadan məhrum olunub, müavinətə layiq görülən tanışları, qohumları yoxdurmu? Nəyə görə nazirlik rəhbərliyinin diqqətini bu məsələnin vacibliyinə cəlb etmirlər? Yoxsa gözləyirlər ki, bir gün indiki maliyyə naziri Sahil Babayevin xələfi Anar Əliyevə də bir vaxtlar Səlim Müslümova ünvanlanan “Atanıza bu müavinət verilsəydi, necə yaşayardı?” sualı ünvanlansın?!
Hələliksə, kütləvi informasiya vasitələri bu məbləğin pensiyaçılar üçün nəzərdə tutulan yaşayış minimumdan 232 manat aşağı olduğuna diqqəti yönəldərək, millət vəkili Vüqar Bayramovun bu məsələ ilə bağlı təklif irəli sürəcəyini xəbər verirlər.
“Bu müavinəti 65 yaşı tamam olmuş vətəndaşlarımız alır. Onların digər gəlir yerləri olmur və daha çox sosial dəstəyə ehtiyacları olur. Bu baxımdan artırılma vacibdir. Büdcə və mövcud imkanlarımız yaşa görə müavinətin məbləğinə baxılması və artırılmasına imkan yaradır. Bununla bağlı təkliflərimizi təqdim etmişik. Dövlət qurumları tərəfindən məsələnin araşdırılmasını və addımlar atılmasını məqsədə uyğun hesab edirik”, – deyə Vüqar Bayramov söyləyib.
Necə deyərlər, yaşayarıq, görərik. Amma bir məsələ tamamilə aydındlır: qalib ölkənin ahıl vətəndaşı 220 manat müavinətə layiq görülməməlidir…
Xatirə SADİQ











