Gələn ildən Azərbaycanda faizsiz kreditlər verilə bilər.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın maliyyə sektorunun Davamlı İnkişaf departamentinin direktoru Rüstəm Tahirov Bakıda keçirilən Azərbaycan “Halal Biznes Forumu”nda danışıb.
Onun sözlərinə görə, hazırda ölkəmizdə İslam maliyyə məhsullarının tətbiqinə hazırlıq gedir. Direktor bildirib ki, hüquqi və tənzimləyici baza formalaşdıqdan sonra banklar müəyyən islam bankçılığı məhsullarını təqdim etməyə başlayacaqlar.
Faizsiz kreditlərdən kimlər faydalana biləcək?
İqtisadçı ekspert Əkrəm Həsənov Qaynarinfo-ya açıqlamasında bildirib ki, bu layihənin həyata keçməsinə hələ çox var:
“Qanunda dəyişikliklər olmalıdır. Mərkəzi Bank da qaydalar qəbul etməlidir, formalaşmalıdır. Proses bir neçə il davam edəcək. Görək, proses qanunlarda necə əksini tapacaq. Amma ümumilikdə, faizsiz o demək deyil ki, tam belə olacaq. O da istisna deyil ki, bəzi vətəndaşlar faizsiz kredit ala biləcək”.
Əkrəm Həsənov müəyyən komissiya haqqının olacağını hesab edir:
“Sahibkarlara verilən kreditdə isə şəriklik olacaq. Məsələn, mən sənə kredit verirəm və biznesinə şərik oluram”.