25 noyabr 2000-ci il zəlzələsinin ildönümündə seysmoloqların xəbərdarlığı və şəhərin gerçək durumu
Düz 25 il əvvəl, 2000-ci ilin soyuq noyabr gecəsində Xəzərin dərinliklərindən qalxan bir sarsıntı paytaxtı titrətdi. İşıqları sönən, həyətlərə axışan, binaların pilləkənlərində qorxu içində bir-birinə sarılan yüzlərlə insan… O gecə Bakı bir daha anladı: zəlzələ bu şəhərin uzaq xatirəsi deyil, gerçəkliyi və taleyidir.
Həmin zəlzələnin 25-ci ildönümündə yenə eyni sual dolaşır: “Bakı yenidən belə bir zəlzələ yaşaya bilərmi?”
Buna cavabı ekspertlərlə birlikdə axtardıq.
“Abşeron yatmır, sadəcə zamanını gözləyir”
Seysmoloq Ənvər Əliyev NOCOMMENT.az-a deyib ki, bu ərazi dünyanın sakit bölgəsi deyil: “Abşeron yarımadası böyük lövhələrin təzyiq zonasında yerləşir. Yerdə yığılmış enerji mütləq şəkildə boşalır. Bu, ya kiçik, ya da orta təkanlarla olur. Bəzən isə daha böyük zəlzələlərə yol açır.”
Onun sözlərinə görə, son illər qeydə alınan zəif və orta güclü təkanlar narahatlıq üçün səbəb deyil, lakin seysmik fonun aktivliyini təsdiqləyən təbii siqnallardır:
“Böyük zəlzələnin vaxtı yoxdur, amma riski var”
Mühəndis Rəşad Həsənov isə dəqiq proqnozların verilməsinin qeyri-mümkünlüyünü vurğulayır:
“Seysmologiya hələlik böyük zəlzələnin vaxtını müəyyən edə biləcək səviyyədə deyil. Biz yalnız ehtimal və aktivlik haqqında danışırıq. Bakı üçün böyük zəlzələ ehtimalı hər zaman var, amma bunun “sabah” və ya “beş il sonra” olacağını demək elmə ziddir.”
Həsənov əlavə edir ki, bu il ərzində Xəzər və Abşeron sektorunda onlarla zəif təkan qeydə alınıb və bu, bölgənin aktivliyinə uyğundur.
Bəs Bakı zəlzələyə nə qədər hazırdır?
Tikinti eksperti Tural Namazov NOCOMMENT.az-a bildirib ki, böyük risk zəlzələnin özündə deyil, binalardadır:
“Paytaxtdakı tikililərin bir hissəsi hələ də seysmik standartlara uyğun deyil. Köhnə tikililər var ki, ciddi gücləndirilməyə ehtiyac duyur. Şəhər bu gün “zəlzələdən nə qədər sarsılaram?” yox, “binalarım nə qədər dözər?” sualını verməlidir.”
Onun sözlərinə görə, bəzi yeni yaşayış komplekslərində vəziyyət qənaətbəxşdir, lakin “köhnə fondun genişliyi” Bakı üçün əsas təhlükədir.












