28 Aprel – Ümumdünya Əməyin Mühafizəsi, yoxsa Azərbaycanın işğalı günü?backend

28 Aprel – Ümumdünya Əməyin Mühafizəsi, yoxsa Azərbaycanın işğalı günü?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən 2003-cü ildən etibarən 28 Aprel – Ümumdünya Əməyin Mühafizəsi Günü kimi elan olunub. Məqsəd işçilərin sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin olunmasına, istehsalat qəzalarının qarşısının alınması üçün profilaktik tədbirlərin görülməsinə cəmiyyətin, xüsusilə işəgötürənlərin diqqətinn artırılmasıdır.

NOCOMMENT.az xəbər verir ki, 28 aprel tarixdə başqa bir xatirələrlə yaddaşlara yazılıb. Belə ki, düz 100 il öncə, 1918-ci ildə yeni yaradılmış və cəmi 23 ay davam etmiş Azərbaycan Demokratik Respublikasının (ADR) işğalı günü kimi də tarixdə iz buraxmışdı.

1920-ci ilin aprelində Rusiyada Bolşevik İnqilabı nəticəsində yaradılmış XI Qırmızı Ordu Şimali Qafqazdakı Könüllü Ordunu məğlub edərək, Azərbaycanla sərhədə yaxınlaşdı. Azərbaycan bolşevikləri aprelin 26-dan 27-sinə keçən gecəsində başlayan silahlı üsyanlara hazırlaşırdılar. Aprelin 27-dən 28-nə keçən gecə Sovet ordusunun Zirehli qatarı yeni yaranmış müstəqil Azərbaycanın Şimal sərhədlərini pozaraq Bakıya doğru hərəkət etməyə başladı.

Qeyri-bərabər düyüşlərdə ADR ordusu itkilər verərək mövqelərini işğalçı bolşeviklərə təhvil verirdi. Həmçinin, 11-ci Qırmızı ordu aprelin 28-də Bakıya daxil olduqdan sonra Parlament və bütün siyasi partiyalar buraxıldı.

Bolşeviklər paytaxtın ən əhəmiyyətli obyektlərinə nəzarəti qurduqdan sonra hakimiyyətin təslim edilməsi haqqında Azərbaycan hökumətinə və parlamentinə ultimatum təqdim etdi. Fövqəladə toplantıda məclis Azərbaycan Kommunist Partiyasına hakimiyyəti vermək üçün səs verdi. Ölkə daxilinə daxil olan XI Qırmızı Ordunun hərbi dəstəyi ilə yeni hökumət qısa müddət ərzində Azərbaycanın qalan hissəsini də nəzarəti altına aldı.

Bu hadisələrin əsas nəticəsi yeni yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin süqutu, Azərbaycanda Sovet hakimiyyətinin qurulması (Kommunist Partiyasının rəhbərliyi ilə) və “müstəqil” Azərbaycan Sovet Sosialist Respublikasının elan edilməsi idi. Azərbaycan “müstəqil”liyini qorusa da, 1922-ci ildə SSRİ-nin formalaşması ilə ölkə müstəqilliyini itirdi.

 

Bununla da 28 aprel yeni yaradılmış, müstəqil Azərbaycanın tarixinə işğal günü kimi düşdü.

Hər bir xalq müstəqil ola bilər, amma hər xalq müstəqil dövlət qura bilmir. Bu gün yenidən müstəqilliyini əldə etmiş, suveren, güclü bir Azərbaycanın qurulması bu xalqın zəfəri və uğurudur. Güclü dövlət, güclü xalq, güclü məmləkət deməkdir.

Tanrı Müstəqil Azərbaycanı qorusun və daim bayrağımız zirvələrdə ucaltsın.

İlham Məmmədov

Nocomment.az