3 ölkə lideri İlham Əliyevi təbrik etdibackend

3 ölkə lideri İlham Əliyevi təbrik etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vyetnam Sosialist Respublikasının Prezidenti Nquyen Suan Fuk Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu yazıb.

NOCOMMENT.az xəbər verir ki, məktubda deyilir:

“Hörmətli İlham Heydər oğlu. Azərbaycan Respublikasının müstəqilliyinin 104-cü ildönümü münasibətilə Vyetnam dövləti və xalqı adından Sizə və bütün Azərbaycan xalqına səmimi təbriklərimi çatdırıram.

Azərbaycanın yaxın dostu olan Vyetnam gözəl ölkənizin inkişafını həmişə izləyir, Sizin rəhbərliyinizlə ölkənin inkişafında, insanların həyatının yaxşılaşmasında, respublikanın beynəlxalq aləmə inteqrasiyasında, onun regionda və dünyada rolunun və mövqeyinin möhkəmlənməsində Azərbaycan xalqının böyük uğurlarına heyranlığını bildirir.

Vyetnam ilə Azərbaycan arasında bu ölkələrin hər birinin tərəqqisinə, regionda və beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsinə töhfə verən ənənəvi dostluq və çoxtərəfli əməkdaşlığın müsbət inkişafına çox şadam.

Tam əminəm ki, Vyetnam ilə Azərbaycan arasında ənənəvi əməkdaşlıq iki ölkənin rəhbərliyinin iradəsi, qətiyyəti, nazirliklərin, idarələrin və regionların birgə səyləri, habelə iki xalqın həmrəyliyi sayəsində ölkələrimizin və xalqlarımızın rifahı, firavanlığı, bütün dünyada sülh və tərəqqi naminə gündən-günə möhkəmlənəcək və genişlənəcəkdir.

Azərbaycana firavanlıq, Azərbaycan xalqına isə xoşbəxtlik arzu edirəm.

Cənab Prezident, icazə verin, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və məsul vəzifənizdə böyük uğurlar diləyim”.

***

Bundan başqa, Moldova Respublikasının Prezidenti Maya Sandu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu yazıb.

Məktubda deyilir:

“Zati-aliləri. Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına səmimi-qəlbdən möhkəm cansağlığı, sülh və firavanlıq diləyirik. Ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə Sizi təbrik edirik.

Ötən üç onillikdə ölkələrimiz arasında əməkdaşlıqda yüksəliş tendensiyası müşahidə olunur. Şadam ki, Moldova Respublikası və Azərbaycan Respublikası son vaxtlar ticarət, investisiya, enerji, kənd təsərrüfatı və mədəniyyət kimi bir çox sahələrdə ikitərəfli əməkdaşlığı daha da intensivləşdirmək niyyətindədirlər.

Mən, həmçinin COVID-19 pandemiyasmın nəticələri ilə mübarizədə köməyə və Ukraynadan olan qaçqınlara tibbi yardım göstərilməsində humanitar dəstəyə görə Sizə təşəkkür etmək istəyirəm.

Moldova Respublikası ilə Azərbaycan Respublikası arasında münasibətlərin daha da inkişaf edəcəyinə əminəm.

Hörmətli cənab Prezident, Sizə olan ən yüksək ehtiramımı qəbul edin”.

***

Latviya Respublikasının Prezidenti Egils Levits də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

“Zati-aliləri. Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırır, Azərbaycana və xalqınıza davamlı sülh və firavanlıq arzulayıram.

Qəti inanıram ki, Latviya ilə Azərbaycan arasında qurulmuş sıx əməkdaşlıq qarşıdakı illərdə daha da inkişaf edəcək və möhkəmlənəcəkdir. Siyasi, iqtisadi və mədəni sahələrdə dialoqumuzu daha da intensivləşdirmək xalqlarımızın maraqlarına uyğundur.

Bu gün Rusiya-Ukrayna müharibəsinin regionda sülh və sabitliyi təhdid etdiyi bir vaxtda biz ortaq dəyərlərimizi, həmçinin Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin əsasında dayanan beynəlxalq nizamın təməl prinsiplərini qorumaq üçün birlik nümayiş etdirməliyik.

Əminəm ki, biz birgə səylərimizlə xalqlarımızın sülh və təhlükəsizlik şəraitində yaşamasını təmin edəcəyik.

Zati-aliləri, Sizə və Azərbaycan xalqına möhkəm cansağlığı və tərəqqi arzulayıram.

Xahiş edirəm, Sizə olan ən yüksək ehtiramımı qəbul edin”.