3 slavyan ölkəsi Ukraynaya dəstək verdi: Kiyev liderliyi Moskvadan alır?backend

3 slavyan ölkəsi Ukraynaya dəstək verdi: Kiyev liderliyi Moskvadan alır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezidenti Vladimir Zelenski Kiyevə səfər edən Polşa, Çexiya və Sloveniya baş nazirləri ilə görüşüb.

Görüş öncəsi Polşa Baş naziri Mateuş Moravetskinin “Facebook”da, “Bu gün, Rusiyanın Ukraynaya təcavüzünün 20-ci günü ukraynalılarla həmrəyliyimizi nümayiş etdirmək üçün Baş nazirin müavini Yaroslav Kaçinski, Çexiya Baş naziri Petr Fiala və Sloveniya Baş naziri Yanez Yanşeylə Kiyevə gedirik”, – paylaşımı diqqət çəkib.

Aydın məsələdir ki, belə bir səfəri təşkil edən şəxs Polşa Baş naziri Mateuş Moravetskidir. Polşa slavyan əsilli xalq olsa da, ən az Ukrayna qədər Rusiyaya nifrət edir. Məsələnin tarixi aspekti bir yana, siyasi baxımdan Varşava ilə Moskva arasında münasibət hər zaman soyuq və ehtiyatlı olub.

Təsadüfi deyil ki, bu gün Ukraynaya dəstək verən ölkələrdən biri də Polşadır. Rəsmi Varşava Qərbdən və ABŞ-dən Ukraynaya gələn yardımın öz ərazisindən sərbəst keçməsinə şərait yaradır. Bundan başqa, Polşa tərəfi Ukraynaya silah və iqtisadi yardım da edir.

Çexiya da Rusiyaya qarşı soyuq münasibət göstərib. Hətta bu məsələdə Polşa ilə eynilik təşkil etdiyini də demək olar. Mövcud Ukrayna-Rusiya müharibəsi isə bu münasibətləri daha da pisləşdirib.

Misal üçün, Çexiyanın Baş naziri Petr Fiala müharibə ilə əlaqədar Rusiya vətəndaşlarına viza verilməsini dayandırıb. Bundan başqa rəsmi Praqa Ukraynada Rusiyaya qarşı döyüşmək istəyən Çexiya vətəndaşlarına icazə verib. Hətta Çexiya müdafiə naziri Yana Çernoxova açıqlayıb ki, 400-ə yaxın könüllü Ukraynada döyüşmək üçün müraciət edib.

Slavyanlar Kiyev-Moskva arasında qütbləşir

Maraqlıdır ki, Polşa, Çexiya Sloveniyanın əksinə, Serbiya, Xorvatiya, Slovakiya və BolqarıstanUkraynaya dəstək nümayiş etdirmir. Daha doğrusu, adları çəkilən ölkələr kimi birbaşa yardım etmir.

Bunu ona görə qeyd etdim ki, SerbiyaBMT-də Rusiyanın Ukraynanı demilitarizasiya əməliyyatını pisləyən qətnaməni dəstəkləyib. Daha doğrusu, buna məcbur olub. Serbiya Prezidenti Aleksandar Vuçiç bildirib ki, Serbiya hakimiyyəti bu qətnaməni dəstəkləməsə idi Kosova və Metoxiya ilə bağlı vəziyyətdə ərazi bütövlüyü prinsipində israr etmək mümkün olmayacaqdı.

Xorvatiyaya gəldikdə isə, Prezident Zoran Milanoviç Ukrayna ilə Rusiya arasında müharibədən öncə açıqca qeyd etmişdi ki, ölkəsi bu müharibədə NATO ilə birlikdə iştirak etməyəcək.

Aydın məslədir ki, bir çox slavyan ölkəsi Kremli hələ də panslavizm ideologiyasının mərkəzi, eyni zamanda slavyan ölkələrinin lideri kimi görür.

Serbiya və Bolqarıstan isə, ümumiyyətlə, tarixi və siyasi baxımdan Kremlə ən sadiq dövlətlərdir. Bu gün də əksi bir davranış sərgiləmir. Yəni Qərbə ən yaxın sayılan Xorvatiya belə Ukrayna-Rusiya müharibəsində Kiyevi dəstəkləmədiyi kimi, Kreml əleyhinə formalaşan qütbdə yer almaq istəmir.

Nəticə etibarilə Ukrayna-Rusiya müharibəsi uzandıqca slavyan dövlətlər də Kiyev və Moskva arasında qütbləşəcək. Bu qütbləşmə müharibə sonrası özünü daha qabarıq formada göstərə bilər.
Sfera.az