Azərbaycan hakimiyyətində təmsil olunan məmurlar arasında 30 ildən çox yüksək vəzifə tutan bir neçə tanınmış sima var.
NOCOMMENT.az onlar haqda məlumatları təqdim edir:
Ölkəmizdə uzun illər yüksək vəzifələrdə çalışan, karyerasını hələ də davam etdirən şəxslərdən biri xarici işlər nazirinin müavini Araz Əzimovdur.
Araz Əzimov 1962-ci ildə anadan olub və Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirib.

Fotoda: Araz Əzimov
O, 1990-cı illərin əvvəllərindən etibarən Azərbaycanın xarici siyasətində aktiv rol alıb, müxtəlif diplomatik vəzifələrdə çalışıb. 63 yaşlı diplomat 1994-cü ildən xarici işlər nazirinin müavini postunu tutur.
Azərbaycanda ən stajlı məmurlardan biri də Kəmaləddin Heydərovdur. O, 32 ildir məsul vəzifələrdə çalışır.
Kəmaləddin Heydərov 15 iyul 1961-ci ildə Naxçıvanda anadan olub. Bakı Dövlət Universitetinin məzunudur.

Fotoda: Kəmaləddin Heydərov
Kəmaləddin Heydərov 1995-ci ildə, 34 yaşı olanda Dövlət Gömrük Komitəsinin sədri təyin olunub. Bu vəzifədə 11 il çalışıb.
Kəmaləddin Heydərov Azərbaycanda ən stajlı nazir sayılır. O, 6 fevral 2006-cı ildən fövqəladə hallar naziri vəzifəsində çalışır. General-polkovnikdir.
Uzunmüddətli fəaliyyəti ilə seçilən məmurlardan biri də Məleykə Abbaszadədir. O, 30 ildən çoxdur təhsil sahəsində mühüm vəzifələr tutur.
Məleykə Abbaszadə 1953-cü ildə anadan olub. Bakı Dövlət Universitetində təhsil alıb.

Fotoda: Məleykə Abbaszadə
O, 25 avqust 1994-cü ildən 5 oktyabr 2000-ci ilə kimi Tələbə Qəbulu üzrə Dövlət Komissiyası sədrinin birinci müavini, 5 oktyabr 2000-12 aprel 2016 illərdə isə bu qurumun sədri olub.
Məleykə Abbaszadə 12 aprel 2016-cı ildən bu günə kimi Dövlət İmtahan Mərkəzinin sədri vəzifəsində çalışır.
Azərbaycanda uzun müddət vəzifədə çalışan məmurların siyahısında Eyvaz Hüseynovun da adı var.
O, 2 iyul 1992-ci ildən Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışır.
Eyvaz Hüseynov uzun illərdir rayonun idarəçiliyinə rəhbərlik edən nadir icra başçılarından biri hesab olunur.

Fotoda: Eyvaz Hüseynov
Bu siyahıya tərəddüd etmədən 74 yaşlı diplomat Tamerlan Qarayevin də adını əlavə edə bilərik.
Tamerlan Qarayev 1952-ci ildə Ağdam rayonunun Qasımlı kəndində anadan olub.
Onun karyerasında dönüş nöqtəsi 1991-ci ilə təsadüf edir. 1991-93-cü illərdə Milli Məclis sədrinin müavini postunu tutub.
Mərhum prezident Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlişindən sonra 41 yaşlı Qarayevin həyatında yeni mərhələ başlayıb.
Tamerlan Qarayev 1993-cü ildə əhalisinin sayına görə dünyanın ən nəhəng ölkəsi olan Çində Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri təyin olunub. O, 7 may 2001-ci ilə kimi ölkəmizi Çində təmsil edib.

Fotoda: Tamerlan Qarayev
Tamerlan Qarayevin səfir kimi karyerasını davam etdirdiyi növbəti ölkə Hindistan olub. Qarayev 1 sentyabr 2004-15 sentyabr 2011-ci illərdə Azərbaycan Respublikasının Hindistan Respublikasındakı fövqaladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.
Bundan sonra Qarayev üçün növbəti “dayanacaq” İndoneziya Respublikası olub. O, Cənub-Şərqi Asiyanın ən böyük dövlətində ölkəmizi 7 il təmsil edib.
73 yaşlı diplomat 13 dekabr 2018-ci ildən bu günə kimi Azərbaycan Respublikasının Litva Respublikasında fövqəladə və səlahiyyətli səfiri işləyir./Metbuat.az/










