Fiziki şəxslər arasında pul borcunun, o cümlədən faizlə verilməsinin artması bu münasibətlərin hüquqi tərəfləri ilə bağlı sualları da gündəmə gətirir. Əsas sual isə ondan ibarətdir ki, rəsmi müqavilə olmadan həyata keçirilən borc münasibətləri hansı riskləri yaradır və vətəndaşlar öz hüquqlarını necə qoruya bilərlər.
NOCOMMENT.az xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən vəkil Cavanşir Qasımzadə bildirib ki, fiziki şəxslər arasında faizlə borc vermək qanunla qadağan edilməsə də, rəsmi müqavilənin olmaması həm borc verən, həm də borc alan üçün ciddi hüquqi risklər yaradır.
“Əsas risk ondan ibarətdir ki, yazılı sənəd olmadıqda pulun verilməsi faktını və razılaşdırılmış faiz dərəcəsini məhkəmədə sübut etmək çox çətinləşir. Azərbaycan qanunvericiliyinə görə, məbləğ 3,000 manatdan yuxarıdırsa, borc müqaviləsi mütləq yazılı formada bağlanmalıdır. Əks halda, mübahisə yarandıqda tərəflər şahid ifadələrinə əsaslana bilməzlər. Şifahi razılaşmalar zamanı borclunun pulu aldığını inkar etməsi və ya faiz miqdarı ilə bağlı yalan danışması pulun geri alınmasını qeyri-mümkün edə bilər”.
Vəkil bildirib ki,vətəndaşlar öz hüquqlarını qorumaq üçün ilk növbədə borc münasibətlərini notarial qaydada təsdiq olunmuş müqavilə ilə rəsmiləşdirməlidirlər.
“Bu, ən təhlükəsiz yoldur, çünki notarius tərəfindən təsdiq edilmiş sənəd birbaşa icra sənədi kimi çıxış edə bilər. Əgər notariusa getmək mümkün deyilsə, ən azı borc alan şəxsin öz xətti ilə yazdığı və imzaladığı iltizamnamə (kvitansiya) alınmalıdır. Həmçinin, pulu nağd deyil, bank hesabı vasitəsilə köçürmək və təyinat bölməsində “borc verilir” sözlərini yazmaq gələcəkdə ən güclü sübutlardan biri hesab olunur. Unutmaq olmaz ki, yazılı sənəd və ya bank çıxarışı olmadıqda, hüquqi müstəvidə haqlı olduğunuzu sübut etmək çox vaxt itkisinə və maddi zərərə yol aça bilər”.
Hüquqlarını qorumaq istəyən vətəndaşlara borc münasibətlərini mütləq notarial qaydada rəsmiləşdirmək tövsiyə olunur. Bu üsul ən etibarlı yol sayılır, çünki notariusun təsdiq etdiyi sənəd birbaşa icra sənədi rolunu oynayır. Əgər notariusa getmək imkanı yoxdursa, borc alan şəxsin öz xətti ilə yazdığı və imzaladığı iltizamnamə alınmalıdır.
Bundan əlavə, vəkil vətəndaşlara pulu nağd deyil, bank hesabı vasitəsilə köçürməyi məsləhət görür. Köçürmə zamanı təyinat bölməsində “borc verilir” qeydinin yazılması gələcəkdə ən güclü sübutlardan biri kimi qəbul edilir. Yazılı sənəd və ya bank çıxarışı olmadığı təqdirdə, hüquqi müstəvidə haqlılığı sübut etmək həm vaxt itkisinə, həm də maddi zərərə səbəb olur.
Qısası, birinə borc verərkən şifahi razılaşmaya güvənmək gələcəkdə pulunuzu itirməyinizə səbəb ola bilər, buna görə də hər şeyi kağız üzərinə köçürmək və ya bank vasitəsilə göndərmək şərtdir./ Demokrat.az/










