32 yaşlı yeni prorektor kimdir? – DOSYEbackend

32 yaşlı yeni prorektor kimdir? – DOSYE

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə (ADNSU) Beynəlxalq əlaqələr üzrə yeni prorektor təyin olunub. Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə bu vəzifəyə Nigar Adilova təyinat alıb.

NOCOMMENT.az 31 yaşlı prorektorun tərcümeyi-halını təqdim edir.

Nigar Adilova Elsevər qızı 14 oktyabr 1994-cü ildə Bakı şəhərində anadan olub. 2011-ci ildə orta məktəb təhsilini Bakı şəhəri Texniki-humanitar liseyində bitirib, elə həmin ildə bakalavriat pilləsi üzrə Azərbaycan Dövlət Neft Akademiyasının (ADNSU) “İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi” ixtisasına qəbul olub. 2015-ci ildə bakalavr təhsilini fərqlənmə ilə başa vurub. 2017-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “Kompüter mühəndisliyi” ixtisası üzrə magistr təhsilini fərqlənmə ilə tamamlayıb. 2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi (informasiya texnologiyaları üzrə)” ixtisasında texnika elmləri sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.

Əmək fəaliyyətinə 2015-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “İnformasiya Kommunikasiya Texnologiyaları” şöbəsində mühəndis olaraq başlayıb. 2016-cı ildə “İnformasiya texnologiyaları” departamentində koordinator vəzifəsində çalışıb. 2017–2023-cü illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə Amerika Birləşmiş Ştatlarının Corciya Dövlət Universiteti arasında birgə əməkdaşlıq nəticəsində açılmış MBA Proqramında tyutor, tədris texnologiyaları üzrə işçi vəzifələrində fəaliyyət göstərib. 2018-ci ildən indiyədək MBA Proqramında müəllim olaraq çalışır. 2023-cü ildən indiyədək həmin proqramın direktor müavini vəzifəsində işləyir.

Bu müddət ərzində hər tədris semestrində MBA proqramı tələbələri üçün Argentina, Meksika, Fransa, Ukrayna, Türkiyə, Yeni Zelandiya, CAR və digər ölkələrdən dəvətli müəllimlərin və əcnəbi tələbələrin iştirakı ilə veb-seminarların təşkilini həyata keçirib. Bakalavriat və magistr pillələri üzrə ixtisasların beynəlxalq akkreditasiya prosesində yaxından iştirak edərək proqrama dəstək göstərib. Direktor müavini kimi çalışdığı müddətdə- 2024-cü ilin iyun ayında Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 3 bakalavr ixtisası və 2 magistr ixtisaslaşması FİBAA Beynəlxalq Akkreditasiyasından uğurla keçərək reakkreditə olunub.

2018-ci ildən etibarən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin təşkilatçılığı ilə keçirilmiş ICAFS, ICSCCW, WCIS beynəlxalq konfranslarında təşkilati komitənin üzvü və həmsədri kimi fəaliyyət göstərib, hər il ardıcıl olaraq dəvətli professorların iştirakı ilə Çexiya Respublikası, Türkiyə, Özbəkistan, Monteneqro və Rumıniyada keçirilmiş beynəlxalq konfranslarda məruzə ilə çıxış edib. 2024-cü ildən indiyə qədər Elsevier nəşriyyatının “Information Sciences” beynəlxalq jurnalında rəyçi olaraq çalışır. 2025-ci ilin iyul ayında Elm və Təhsil Nazirliyinin “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində namizədlərin seçimi üzrə keçirilmiş müsahibələrdə sahə üzrə ekspert kimi iştirak edib.

SCOPUS beynəlxalq bazasında indeksləşmiş məqalələrinin sayı 12, h-index göstəricisi 5-dir./Yeni Sabah/