4 ildir davam edən müharibə: Sülh niyə əldə edilmir?backend

4 ildir davam edən müharibə: Sülh niyə əldə edilmir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Rusiya və Ukrayna arasındakı müharibənin başlanmasından dörd il ötür. 2022-ci ilin fevralında başlayan genişmiqyaslı hücum nəticəsində münaqişə təkcə iki ölkənin deyil, bütün regionun geosiyasətini dəyişib. Dörd il ərzində cəbhədə ciddi dəyişikliklər baş verib, Kiyev və digər şəhərlər Rusiya hücumlarına qarşı müqavimət göstərib, Donbas və cənub istiqamətində isə mövqelər dəyişkən olub.

Müharibə qlobal sistemdə də ciddi təsir yaradıb. Finlandiya və İsveç NATO-ya qoşularaq Avropanın təhlükəsizlik arxitekturasını dəyişdirib. Avropa İttifaqı enerji siyasətində Rusiyadan asılılığı azaltmağa çalışır, Moskva isə sanksiyalar fonunda iqtisadi əlaqələrini əsasən Asiya ilə qurur.

Müharibə həmçinin qlobal enerji və ərzaq bazarlarında dalğalanmalara səbəb olub.

Kənan Novruzov

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, Rusiya-Ukrayna müharibəsinin bu qədər uzanması ilk mərhələdə hər iki tərəfin strateji yanlış hesablamaları ilə sıx bağlıdır:

“Moskva 2022-ci ildə sürətli hərbi əməliyyatla Kiyevdə siyasi iradəni qıra biləcəyini düşünürdü. Ukraynanın müqavimət gücü, cəmiyyətin səfərbərliyi və Qərbin hərbi-siyasi dəstəyi bu planı dağıtdı.

Digər tərəfdən, Kiyev və onu dəstəkləyən Qərb paytaxtları da Rusiyanın iqtisadi sanksiyalar və hərbi itkilər fonunda qısa müddətdə geri çəkiləcəyini güman edirdi. Lakin Rusiya həm iqtisadi adaptasiya, həm də hərbi səfərbərlik baxımından gözləniləndən daha dayanıqlı oldu. Nəticədə müharibə sürətli qələbə ssenarisindən çıxaraq uzunmüddətli tükəndirmə savaşına çevrildi.

“Artıq hər iki tərəf məğlubdur” fikri hərbi yox, strateji və siyasi kontekstdə dəyərləndirilməlidir. Ukrayna ərazilərinin bir hissəsini itirib, infrastrukturu dağılıb, milyonlarla insan ölkəni tərk edib və iqtisadiyyat ciddi zərbə alıb. Rusiya isə böyük insan itkisi verib, Qərb bazarlarını itirib, sanksiyalar altında uzunmüddətli təzyiq rejiminə daxil olub və geosiyasi baxımdan Avropa ilə münasibətləri faktiki olaraq qırılıb. Hər iki tərəf “qələbə”ni hələ əldə etməsə də, artıq əvvəlki status-kvonu geri qaytarmaq imkanından uzaqlaşıb.

“Ukrayna bataqlığa çevrildi, Rusiya isə bu bataqlığa çəkildi” tezisi müəyyən mənada Əfqanıstan və ya İraq tipli uzanan münaqişə modelinə işarə edir. Cəbhə xəttində radikal dəyişikliklərin baş verməməsi, müharibənin dronlar, artilleriya və uzaqmənzilli zərbələr üzərində qurulması klassik manevr savaşından daha çox tükəndirmə modelinə keçidi göstərir. Bu isə siyasi iradənin hərbi nəticədən daha önəmli olduğu mərhələdir.

Onun sözlərinə görə, Avropa ilə ABŞ arasında artan ziddiyyətlər məsələnin digər mühüm komponentidir:

“ABŞ daxilində Ukraynaya yardım mövzusu siyasi mübarizənin predmetinə çevrilib. Avropa isə təhlükəsizlik baxımından birbaşa risk zonasında olduğu üçün müharibəyə daha ekzistensial yanaşır. Vaşinqtonun “masa arxasına oturmaq” siqnalları ilə Moskvanın “döyüşü davam etdirmək” ritorikası arasında qalan Kiyev üçün manevr sahəsi daralır. Əgər Qərb daxilində strateji birlik zəifləyərsə, bu, ya Ukraynanı kompromisə məcbur edə, ya da əksinə, münaqişəni daha riskli mərhələyə daşıya bilər”.

“Savaşın genişlənmə ehtimalı da realdır. Çünki uzanan müharibələrdə tərəflər ya yeni resurs cəlb etməyə, ya da münaqişənin coğrafiyasını genişləndirməyə meylli olur. Rusiya üçün eskalasiya Qərbi qorxutmaq vasitəsi, Ukrayna üçün isə daha çox hərbi dəstək qazanmaq strategiyası ola bilər. Qara dəniz, Belarus istiqaməti və ya enerji infrastrukturu üzərindən qarşıdurmanın artması ehtimalı qalır.

Müharibənin bitməsi üçün hakimiyyət dəyişikliyi tezisi də müəyyən məntiqə söykənir. Çünki hazırkı liderliklər bu müharibəni şəxsi və siyasi legitimlik məsələsinə çeviriblər. Geri addım atmaq daxili siyasi risk yaradır. Əgər tərəflərdən birində siyasi dəyişiklik baş versə, yeni rəhbərlik “müharibəni əvvəlkilərin səhvi” kimi təqdim edib danışıqlara getmək üçün daha rahat manevr edə bilər. Lakin bu, avtomatik sülh demək deyil. Çünki artıq müharibə təkcə Moskva ilə Kiyev arasında deyil, Rusiya ilə Qərb arasında sistem xarakteri alıb”, – Kənan Novruzov bildirib.

Atilla Rzasoy