Nazirlər Kabinetinin 96 nömrəli qərarına əsasən, ümumi təhsil müəssisələrində vahid məktəbli geyimi tətbiq edilir. Həmin qərara əsasən 42 nömrəli məktəbin Pedaqoji Şurası tərəfindən valideynlərin rəyi nəzərə alınaraq 4 nümunədə geyim formasından biri (mavi və boz) seçilib. Bununla bağlı öncədən valideynlərə də məlumat verilib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq 42 nömrəli məktəbdən bildirilib.
Qeyd edilib ki, bu gün məktəb rəhbərliyi tərəfindən şagird (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) açıq rəngdə ətək geyindiyi üçün ona irad bildirilib və boz rəngdə ətək geyinməsi tövsiyə olunub. Valideyn isə irada görə məktəb rəhbərliyinə qarşı qeyri-etik ifadələr işlədib.
Övladları məktəbdə bu dərs ilindən təhsil alan valideynlərə tövsiyəmiz ondan ibarətdir ki, məktəbdaxili qaydalara hörmətlə yanaşsınlar və uşaqların məktəb mühitinə effektiv şəkildə uyğunlaşmasına dəstək olsunlar.
Qeyd edək ki, eyni görünüşə malik olan məktəbli forması şagirdlər arasında bərabərliyi təşviq edir.
Xatırladaq ki, bu gün səhər saatlarında 42 saylı tam orta məktəbin şagirdlərindən birinə məktəbli formasının ətəyinin açıq rəngdə olması ilə bağlı məktəb rəhbərliyi tərəfindən irad tutulub. Bununla bağlı şagirdin valideyni narazılığını ifadə edərək sosial şəbəkə platformalarında video paylaşıb.