Son bir neçə ildə ordu quruculuğunda görülən işlərin təhlilini aparsaq, görərik ki, ötən illər bizim üçün səmərəli, nailiyyətlərlə dolu və ordu quruculuğu prosesində başucalığı gətirən dövr olub. Kompleks şəkildə aparılan islahatlar Silahlı Qüvvələrdə bütün istiqamətləri əhatə edə bilib. Bunun nəticəsidir ki, ordumuz aparıcı dövlətlərin orduları səviyyəsinədək yüksəlməyə nail ola bilib və güclü ordularla bir cərgədə dayanmağa layiq olduğunu sübut edib. Azərbaycanda nizami ordu quruculuğu, hərbi sahədə aparılan islahatlar, Silahlı Qüvvələrin keçdiyi inkişaf yolu, müasir silahlarla təchizatı, hərbçilərin xidmət şəraitinin yaxşılaşdırılması və sosial məsələlərinin həlli prioritet məsələlərdən hesab olunur.
Bəs müasir döyüşlərdə texnologiyanın rolu nə dərəcədə əhəmiyyətlidir?
Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan hərbi ekspert Rövşən Məhərrəmov bildirib ki, bu gün dünyada gedən müharibə proseslərində ən müasir və son üslub döyüş texnologiyaları 44 günlük Vətən Müharibəsi zamanı nümayiş etdirildi:

“Hazırda dünyanın bir çox hərbi elmi institutları həmin müharibəni təhlil edir. Azərbaycan ilk dəfə Qarabağın separatçılardan azad olunması əməliyyatında bu yeni üslubdan istifadə etdi. Tam şəkildə olmasa da, müasir müharibə metodları tətbiq olundu. Həmin dövrdə həm dronlardan, həm kamikadze tipli pilotsuz aparatlardan, həm də mövcud bütün imkanlardan səmərəli şəkildə yararlanıldı. Əlbəttə, heç bir süni intellekt və ya dron gələcəkdə insanı, əsgəri tam şəkildə əvəz edə bilməz. Çünki həmin dronları və digər texnoloji vasitələri idarə edən, istiqamətləndirən yenə də insanlardır. Texnologiya sürətlə dəyişir. Hazırda pilotsuz uçuş aparatları, pilotsuz tanklar, sualtı kamikadze qurğular və idarə olunan sualtı dronlar geniş şəkildə tətbiq olunur. Bunu biz Ukrayna ilə Rusiya arasındakı müharibədə də görürük. Sualtı dronların istifadəsi artıq geniş vüsət alıb. Texnologiyanın inkişaf tempi o qədər yüksəkdir ki, gələcəkdə nələrin baş verəcəyini proqnozlaşdırmaq belə çətindir. Dünyada geosiyasi vəziyyət elə bir mərhələyə çatıb ki, siyasi gərginliklər artıq hərbi müstəviyə keçib. Bu şəraitdə bütün dövlətlər, xüsusən də silah istehsal edən ölkələr daha mükəmməl və müasir silah sistemləri hazırlamağa çalışırlar. Azərbaycanda da hərbi sənaye sektoru sürətlə inkişaf edir. Bu gün ölkəmizdə yüksək səviyyəli dronlar və digər silah növləri istehsal olunur və hətta ixrac edilir”. Ekspert əlavə edib ki, dünyada silah istehsalında və satışında əsas paya sahib olan ölkə Amerika Birləşmiş Ştatlarıdır: “Lakin nə qədər müasir dron və silah istehsal olunsa da, bunlar heç vaxt əsgəri tam əvəz edə bilməyəcək. Hər bir döyüş aparatını idarə edən, onu yaradan və tətbiq edən yenə də insandır. Bu sahədə elmi araşdırmalar davam edir, mühəndislər və alimlər yeni texnoloji üsullar üzərində çalışırlar. Ancaq yaxın 10–20 il ərzində süni intellektin və ya avtomatlaşdırılmış sistemlərin insanı tam şəkildə əvəz edəcəyini demək çox tezdir. Nəticə etibarilə, 44 günlük Vətən müharibəsi son 100 ilin ən müasir müharibələrindən biri hesab oluna bilər. Azərbaycanın Ermənistan separatçılarına qarşı həyata keçirdiyi əməliyyat dünya üçün nümunə sayılır. Bu üslub və taktikalardan nə Ukrayna, nə də Rusiya ordusu indiyədək tam şəkildə istifadə edə bilib. Azərbaycan Ordusu isə həmin metodları düzgün tətbiq edərək Qarabağı separatçılardan azad etdi. Bu, təkcə bizim fikrimiz deyil. Beynəlxalq hərbi ekspertlər də bunu qeyd edir, məqalələr və təhlillər dərc edirlər. Hətta bu gün belə həmin müharibədə istifadə olunan üsulların mexanizmləri üzərində yeni tədqiqatlar aparılır, təkmilləşdirmə işləri görülür. Bu istiqamətdə inkişaf etmiş ölkələr, o cümlədən Böyük Britaniyada yerləşən elmi institutlar da fəal şəkildə çalışırlar”, – ekspert yekunlaşdırıb.













