Dində bir çox qadağalar və müstəhəb, vacib əməllər mövcuddur. Ancaq elə əməllər də var ki, onların heç biri İslamda yoxdur, sadəcə kimlərsə tərəfindən uydurulmuş xurafatdır.
Hərçənd bir çox müsəlmanlar bu xurafatın qurbanına çevrilir və yanlışı da doğru kimi təqdim etməyə çalışır.
Bəs İslam dinində “Cümə axşamı tutmaq” adətinin əsası varmı?
Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan ilahiyyatçı Tural İrfan bildirib ki, İslam dininə görə ölmüş adamı yad etmək üçün onun yaxşı əməllərini xatırlamaq, bağışlanması üçün Allaha dua etmək, imkan olduqca da ziyarətə getmək lazımdır:
“Qəbirləri ziyarətin cümə axşamı günü edilməsi tövsiyyələr arasındadır. Lakin bu əmr, qəti göstəriş deyil. Qəbirləri, ölüləri istənilən vaxt, istənilən gün ziyarət etmək, yada salmaq olar. Xüsusi olaraq cümə axşamını ölü yada salmaq günü kimi də qəbul etmək doğru deyil.
Bəzi hədislərdə var ki, cümə axşamı günləri ruhlara sərbəstlik verilir və onlar dünyaya, yaxınlarının ailəsinə baş çəkir. İnsanlar isə onları görmür. Əgər həmin ailədə, evdə xoşbəxtlik, sevinc, dua etmək, Quran oxumaq varsa, ruh da sevinir, şad olur. Yox, bədbinlik, günah, söyüş, dava-dalaş varsa, ruh bədbinliyə qapılır, gedir və bir daha ora qayıtmır.
Təbii ki, bunlar dini mətnlərdə nəql edilən rəvayətlərdir. Lakin buna bir qədər də milli inanclar, xurafat qarışıb və fərqli formalara düşüb”.
“Ölmüş adam üçün də 3 gün yas var. Bu dinin əmridir. 7, 40, cümə axşamı deyə də bir dini göstəriş yoxdur. Vaxtilə ruhanilər maddi maraqları üçün yuxarıda qeyd etdiyim ruhların səyahəti məsələsini əsas tutub hər cümə axşamını yemək, ehsan məclisi düzəltmək üçün bəhanə ediblər”, – ilahiyyatçı vurğulayıb.










