Türkiyənin tanınmış tarixçi-alimi, yazıçı İlber Ortaylı müalicə aldığı xəstəxanada vəfat edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatında məlumat yayılıb.
Məlumatda bildirilir ki, səhhətindəki problemlərə görə bir müddətdir reanimasiya müalicəsi alan 78 yaşlı alim süni tənəffüs aparatına qoşulmuşdu.
Türkiyənin səhiyyə naziri Kemal Memişoğlu İlber Ortaylının vəfatı ilə bağlı paylaşdığı mesajda bildirib:
“Türkiyə böyük bir dəyərini, bir tarix dahisini itirdi. Ölkəmizin yetişdirdiyi müstəsna şəxsiyyətlərdən biri olan hörmətli professorumuzun vəfatını böyük bir kədər ilə öyrəndim. Ailəsinə, tələbələrinə və sevimli millətimizə başsağlığı verirəm”.

İlber Ortaylı kimdir?
İlber Ortaylı 1947-ci ildə Avstriyada doğulub. İki yaşında ailəsi ilə birlikdə Türkiyəyə köçüb. İlk və orta təhsilini İstanbul Avstriya Liseyində tamamlayıb. 1965-ci ildə Ankara Atatürk Liseyindən məzun olub. 1970-ci ildə Ankara Universitetinin Dil və Tarix-Coğrafiya Fakültəsinin Tarix Bölümünü bitirib.
Vyana Universitetində slavyan və Şərqi Avropa dilləri üzrə təhsil alıb. Magistr dərəcəsini Çikaqo Universitetində Halil İnalcık ilə tamamlayıb. 1974-cü ildə Ankara Universitetinin Siyasi Elmlər Fakültəsində doktor, 1979-cu ildə həmin fakültədə dosent dərəcəsi alıb.

2005-ci ildə Topkapı Sarayı Muzeyinin direktoru olub. Yeddi il bu vəzifədə qalan Ortaylı, 2012-ci ildə yaş həddindən təqaüdə çıxaraq vəzifəsini Ayasofya Muzeyinin direktoru Haluk Dursuna təhvil verib. O, eyni zamanda Beynəlxalq Osmanlı Araşdırmaları Komitəsinin direktorlar şurasının üzvü və Avropa İran Araşdırmaları Cəmiyyətinin və Avstriya-Türkiyə Elmlər Forumunun üzvü olub. 2018-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin müşaviri təyin edilib.
Ortaylı yüksək səviyyədə Alman, Rus, İngilis, Fransız, İtalyan, Fars, orta səviyyədə isə Latın dilini bilirdi.
Azərbaycan xalqı və dili haqqında fikirləri
Ortaylı bir neçə dəfə bildirib ki, Azərbaycanda yaşayan xalqa “azəri” demək doğru deyil və bu ifadə sovet dövründə ortaya çıxıb. Onun sözlərinə görə, bu xalqın adı türk xalqıdır və dili də türk dilidir.
Tarixçi həmçinin qeyd edib ki, Azərbaycan türkcəsi qədim türk dilinə ən yaxın və ən saf variantlardan biridir. Bu fikir Azərbaycanda çox müzakirə olunan mövzulardan biri olub və onun Azərbaycan türklərinin kimliyi barədə açıq mövqeyini göstərir.
Bakıda keçirilən konfranslardan birində Ortaylı Türkiyə ilə Azərbaycan arasındakı əlaqələri belə xarakterizə edib:
“Türkiyə ilə Azərbaycan sadəcə siyasi müttəfiq deyil. Bu iki ölkə ortaq dilə, mədəniyyətə və tarixə sahibdir. Biz eyni sivilizasiyanın parçasıyıq”.
O, Heydər Əliyevin məşhur “Bir millət, iki dövlət” formulunun iki xalqın tarixini və münasibətlərini düzgün ifadə etdiyini də vurğulayırdı.
Ortaylı müxtəlif çıxışlarında Azərbaycan ədəbiyyatı və tarixindən də danışıb. Məsələn, o, İmadəddin Nəsimini türk dilində yazan böyük şairlərdən biri kimi yüksək qiymətləndirib və Azərbaycan ədəbiyyatının türk dünyası üçün böyük əhəmiyyət daşıdığını bildirib.









