Naxçıvan Dövlət Universiteti “Education İn Azerbaijan” MMC (VÖEM – 2008876771) ilə satınalma müqaviləsi imzalayıb.
NOCOMMENT.az yeniavaz.com-a istinadən xəbər verir ki, müqavilə tender müsabiqəsi keçirilmədən, bir mənbədən satınalma metodu əsasında imzalanıb.
Müqavilənin şərtlərinə görə “Education İn Azerbaijan” MMC xarici tələbələrin Naxçıvan Dövlət Universitetində təhsil almaları üçün vasitəçilik xidmətləri göstərəcək və qarşılığında 103 min 250 manat alacaq.
Qeyd edək ki, nizamnamə kapitalı 100 manat olan “Education İn Azerbaijan” MMC 8 ay əvvəl – 14 noyabr 2024-cü ildə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Xətai rayonu, 8 Noyabr, ev 113-də yerləşən MMC-nin qanuni təmsliçisi Məmmədova Zemfira Cahangir qızıdır.
Məlumat üçün bildirək ki, barəsində açıq mənbələrdə məlumat olmayan “Education İn Azerbaijan” MMC yeni fəaliyyətə başlamasına baxmayaraq çoxsaylı satınalma müqavilələri imzalamağı bacarıb. “Education İn Azerbaijan” MMC bu ilin aprel ayının sonunda Bakı Mühəndislik Universiteti ilə 177 min manatlıq müqavilə imzalayıb. MMC 177 min manatın qarşılığında 100 nəfər əcnəbi tələbənin təhsil almaq üçün Bakı Mühəndislik Universitetinə gətirilməsinə vasitəçilik edəcək.
“Education İn Azerbaijan” MMC son 3 ayda 6 ali təhsil müəssisəsi ilə 661 min manatlıq satınalma müqavilə imzalayıb. Bu satınalmaların heç birində tender müsabiqəsi keçirilməyib.
Bakı Mühəndislik Universiteti – 177 min manat;
Azərbaycan Texniki Universiteti – 59 min manat;
Azərbaycan Dillər Universiteti – 41 min 300 manat;
Bakı Dövlət Universiteti – 177 min manat;
Azərbaycan İdman Akademiyası – 103 min 250 manat;
Naxçıvan Dövlət Universiteti – 103 min 250 manat.