Avtobus dayanacağındakı oturacaqların oğurlandığı iddia edilir.
NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, söhbət 8 Noyabr prospektində yerləşdirilən dayanacaqdan gedir. Ərazidə yaşayan şəxslər deyirlər ki, bu hal artıq ikinci dəfədir baş verir.
Sakinlər əraziyə yaxın kameraların görüntülərinə baxılmasını, həmin şəxs və yaxud şəxslərin tapılmasını istəyirlər.
Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən qeyd edildi ki, paytaxt ərazisindəki bütün dayanacaqlarla bağlı mütəmadi olaraq monitorinqlər aparılır. Vətəndaşlardan daxil olan müraciətlər əsasında da yerlərdə pavilyonlara baxış keçirilir. Aşkar edilən nöqsan və çatışmaqzlıqlar aradan qaldırılır. Müxtəlif zamanlarda kənar müdaxilələr nəticəsində pavilyonun konstruksiyaları və elementləri oğurlanır, zədələnir, sıradan çıxarılır, bəzi hallarda isə müxtəlif şəxslər tərəfindən məqsədli şəkildə əmlaka ziyan vurulur. Dövlət əmlakına ziyanın vurulması ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunur.
DİN Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli isə bildirdi ki, paytaxtın Xətai rayonundakı avtobus dayanacağının oturacağının sökülməsi ilə bağlı müraciət daxil olub. Polis əməkdaşları tərəfindən dövlət əmlakına zərər vurmaqla vətəndaşların haqlı narazılığına səbəb olan şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər həyata keçirilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.