Qarabağda yeni vəziyyət: Ermənilər arasında Azərbaycanın adamı kimdir?backend

Qarabağda yeni vəziyyət: Ermənilər arasında Azərbaycanın adamı kimdir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ümumiyyətlə, Xankəndi və ətraf bölgələrdə olan separatçıların “rəhbərliyi”ndə kimin olmasının rəsmi Bakı üçün elə bir ciddi əhəmiyyəti yoxdur”.

NOCOMMENT xəbər verir ki, bu sözləri yenisabah-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.

Politoloq Qarabağ separatçılarının hazırkı rəhbəri Araik Arutyunyanın yerinə Azərbaycana qarşı loyallığı ilə seçilə biləcək bir şəxsin “hakimiyyət” kürsüsünə əyləşməsindən sonra Bakı ilə Xankəndi arasında danışıqların olub-olmayacağı ehtimalından söz açıb.

Məsələ ilə bağlı suallarımızı cavablandıran E.Xalidbəyli vurğulayıb ki, separatçıların bölgədəki fəaliyyəti və mövcudluğu Azərbaycan Konstitusiyasına, habelə beynəlxalq hüquq normalarına ziddir: “Ona görə də Azərbaycan rəsmi şəkildə həmin separatçı-terrorçu qruplaşmanın “rəhbərliyi”ndəki şəxslərlə heç vaxt rəsmi və açıq danışıqlar aparmayacaq. Ancaq müəyyən qeyri-rəsmi təmaslar ola bilər. Bunların da məzmunu onu əhatə edə bilər ki, oradakı terrorçular silahlı dəstələrini tərksilah edib Azərbaycan ərazilərini tərk etsinlər. İkinci tələb isə ondan ibarət ola bilər ki, həmin ərazidə yaşayan erməni əhalisi Azərbaycan qanunlarını qəbul etsinlər və yalnız vətəndaşlıq statusu qazansınlar. Bundan sonra isə onlar Azərbaycan cəmiyyətinə inteqrasiya etsinlər. Yəni danışıqlar yalnız bu kontektsdə gedə bilər ki, bu da qeyri-rəsmi sayılır”.

Mütəxəssis əmindir ki, Azərbaycan dövləti Qarabağ separatçılarını danışıqların rəsmi tərəfinə heç vaxt çevirməz: “Çünki vaxtilə, 90-cı illərdə Qarabağdakı erməni icması adı altında danışıqların tərəfi kimi onlar da iştirak edirdi. Ancaq sonra onlar danışıqlardan kənarlaşdırıldılar və Azərbaycan danışıq tərəfi kimi yalnız Ermənistanı tanıdı. İndi isə Ermənistanla sülh sazişi imzalandıqdan sonra faktiki olaraq, Ermənistan həmin ərazini də Azərbaycanın tərkib hissəsi kimi tanımış olacaq. Praqada keçirilən görüşdə də, əslində, bu tanınma baş verib. Ancaq ikitərəfli sülh müqaviləsi ilə bu məsələ bitmiş olacaq.

Fikir versəniz, görərsiniz ki, Arutyunyan və onun ətrafı artıq ciddi şəkildə təşviş içərisinə düşüblər. Onlar Ermənistandan sülh müqaviləsini imzalamamağı və Azərbaycanın ərazi bütövlüyünü tanımamağı tələb edirlər”.

Siyasi analitik yekunda aydınlaşdırıb ki, bütün bu proseslər Arutyunyan və onun ətrafının rəsmi Bakıyla danışıq tərəfinə çevrilməsinə imkan verə bilməz: “Rəsmi Bakının mövqeyi ondan ibarətdir ki, Xankəndi və onun ətrafı ilə bağlı olan bütün məsələlər Azərbaycanın daxili işidir. Azərbaycan dövləti də bu məsələni heç bir dövlətlə, o cümlədən Ermənistanla belə müzakirə etmək niyyətində deyil. Bu baxımdan, separatçıların Qarabağdakı fəaliyyətinin son günlərini düşünmək olar. Yəqin ki, Arutyunyan və onun ətrafı artıq son günlərini saymağa başlayıblar”.