Məhkəmədə baxılması uzun müddət çəkən ailə mübahisələri kimi məsələlər mediasiyada qısa müddət və az xərc çəkilməklə həll edilir.
Mediasiya Şurasından NOCOMMENT.az-a verilən məlumata görə, tərəflər könüllü şəkildə özlərinin razılaşdığı və mediatorun iştirakı ilə tərtib olunan barışıq sazişini imzalayırlar. Qanuna görə aşağıdakı ailə mübahisələri mediasiya yolu ilə həll oluna bilir:
• nikahın davam etdirilməsi şərtləri;
• valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası;
• uşağın yaşayış yerinin müəyyən edilməsi;
• uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası;
• uşaqla ünsiyyət;
• ailə münasibətlərindən irəli gələn digər bütün mübahisələr.
Mediatorun həssaslıqla diqqətə aldığı məsələlərdən biri ailə mediasiyasında uşaqlarla bağlıdır. Onun öhdəliyi uşaqların maraqlarını valideynlərin planlarına deyil, valideynlərin planlarının uşaqların maraqlarına uyğunlaşdırılmasına çalışmaqdır.
Ailə mediasiyasında tərəflər valideynlik məsələləri ilə bağlı bir çox məsələni, o cümlədən məhkəmənin səlahiyyətindən kənar məsələləri razılaşdırmaq üçün müzakirə edə bilərlər.
Ölkəmizdə mediasiya yolu ilə müvəffəqiyyətlə həll olunan ailə mübahisələrindən biri də alimentlə bağlıdır. Mediasiyanın təşəkkül tapmasından əvvəl alimentlə bağlı işlərin yekunlaşması aylarla vaxt tələb edirdisə, indi qarşılıqlı razılaşma əsasında mediasiya ilə vaxtınıza və pulunuza qənaət etməklə bu probleminizi həll edə bilərsiniz.
Bakı şəhərində və regionlarda fəaliyyət göstərən mediasiya təşkilatlarına və mediatorlara müraciət etməklə ailə mübahisələrinizi məhkəmədənkənar qarşılıqlı razılaşma yolu ilə mediasiyada həll edə bilərsiniz.