Xəbər verdiyimiz kimi, ənənəvi yola alternativ olaraq yaradılmış Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun yeni hissəsi üçün tariflər müəyyənləşdirilib.
Belə ki, M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun H. Z. Tağıyev qəsəbəsindən başlayaraq tikilən yeni avtomobil yolu üçün gediş tarifləri ƏDV ilə birgə minik avtomobilləri və kütləsi 3,5 tona qədər olan yük avtonəqliyyat vasitələri üzrə 1 km üçün 9,3 qəpik (bütün yol üçün 12 manat) müəyyən edilib.
Kütləsi 3,5 tondan yuxarı olan yük avtonəqliyyat vasitələri və digər maşın-mexanizmlər üçün tarif isə 1 km üçün 11,6 qəpik (bütün yol üzrə təxminən 15 manat) təşkil edəcək. Avtobuslar üzrə isə bu yolun 1 km-i üçün tarif 7,8 qəpik səviyyəsində (bütün yol üçün 10 manat) müəyyənləşdirilib. Qoşqulu və yarımqoşqulu nəqliyyat vasitələri, o cümlədən 3-4 oxlu və ya TIR-ların ödənişli yoldan istifadəsi üçün qiymət 1 km-ə 19,4 qəpikdir (bütün yol üçün 25 manat).
Maraqlıdır ki, Azərbaycanda bu praktikanın tətbiq edilməsi özündə hansı perspektivi vəd edir?
Pullu yolların olması nəqliyyat vasitələrin hərəkətinə hər hansı bir müsbət təsir göstərə bilərmi?
NOCOMMENT.az xəbər verir ki, Yenisabah.az-la söhbətində nəqliyyat üzrə ekspert İlqar Hüseynli söyləyib ki, yolların pullu olması praktikası bütün dünyada – Türkiyə, İran və bir sıra Avropa ölkələrində mövcuddur və bunun müsbət tərəfləri çoxdur:
“Hətta mən deyim ki, dünyada bələdiyyə yolları da var. Burada elə yollar var ki, bələdiyyələr oraya ödəniş terminallarını quraşdırıb və həmin yollardan gələn vəsaitlər bələdiyyənin büdcəsinə yönləndirilir və bələdiyyələr yolların qaydaya salınması, eləcə də həmişə istismar vəziyyətində saxlanması üçün bu vəsaitləri xərcləyir”.
Onun fikrincə, Azərbaycandakı magistral yolların müxtəlif istiqamətlərinə dövlət xeyli vəsait xərcləyib:
“Məsələn, 6-7 il bundan öncə xarici şirkətlərdən birinin böyük yol-tikinti layihəsi Azərbaycanda icra olundu. Həmin yolun Hacıqabuldan Qarabağ istiqamətinə olan əraziləri artıq çox bərbad vəziyyətə düşüb. Çünki dövlətin yüz minlərlə, milyonlarla pul xərcləyib çəkdiyi yollar ağır yükdaşıma şirkətlərinin maşınları vasitəsilə bərbad vəziyyətə düşüb”.
Müsahibimiz əmindir ki, burada nəzarət məsələsi önəmlidir:
“Bəs, yaxşı, yolların istismar vəziyyətinə gətirilməsi üçün dövlət yenidən pul xərcləməlidirmi? Xeyr. Əgər dövlət bu pulları xərcləyəcəksə, yolların istismarını normal vəziyyətə gətirmək, eləcə də onun yenidən təmirə ehtiyac olan ərazilərinin bərpası üçün ona maddi vəsait lazımdır.
Hesab edirəm ki, əgər biz strateji magistral yollarımızda bu qanunu tətbiq etsək, həmin magistral yollarında yükdaşıma məqsədilə işləyən iritutumlu nəqliyyat vasitələrinin məxsus olduğu şirkətləri ödənişli prosesə cəlb etsək, təbii ki, itirilmiş maddi ziyanların bir qismini bu vasitə ilə qarşılamış olacağıq”.
Mütəxəssis onu da əlavə edib ki, bu, həm də nəqliyyat şirkətləri üzərində məsuliyyət yaradacaq ki, standartlardan artıq yükün daşınması qadağan olunsun:
“Beləliklə, dövlət daha artıq yüklənməyə imkan yaratmayacaq. Fikrimcə, burada sadaladığım faktor nəzərə alınmalıdır. Hətta irihəcmli nəqliyyat vasitələrində ödənişlə daha çox tətbiq olunmalıdır, çünki onlar gəlirlə məşğuldurlar, gəlir gətirirlər və özəl şirkətlərdir. Nəinki aztəminatlı ailələrin gündəlik yollardan istifadə etdiyi zaman onlar vəsait ödəsinlər”.
“Mənə elə gəlir ki, bu məsələdə obyektiv-selektiv yanaşma olmalıdır. Məsələn, hansı məqsədlə bu yoldan istifadə edən nəqliyyat vasitələrinin nə qədər vəsait ödəməsi burada önəmli şərtdir. Alternativ yollar olmalıdır, amma yükdaşıma nəqliyyat vasitələri üçün bu məsələ artıq sual altındadır. Ola bilsin ki, bununla paralel yol qovşağı da ayrıca çəkilər ki, burada yalnız yük maşınları hərəkət etsin və onların yol vergisi ilə bağlı ödədiyi vəsaitlər həmin yolların təmirinə yönəlsin”, – deyə o, təklif edib.
“O ki qaldı nəqliyyat sıxlığının və yükün azalmasına, pullu yolların olması amili burada elə də önəmli rol oynamayacaq. Çünki nəqliyyatın sıxlığının azalması ilə yolların ödənişli olması arasında elə də ciddi bir bağlantı olmayacaq.
Əgər bu gün taksi fəaliyyəti ilə məşğul olan şəxs Qubadan Bakıya gəlirsə, onun üçün gün ərzində 7-8 manat ödəmək büdcəsinə o qədər də ziyan gətirməyəcək. O gəlib-getmə xərclərini müştərilər arasında bölüşə bilər.
Bizim burada əsas hədəfimiz bu olmalıdır ki, dövlətin milyonlarla xərclədiyi büdcə vəsaitlərini qoruyaq. Burada biz xeyli sayda qənaət edə bilərik. İlk baxışdan 9-10 manat kimi rəqəmlər az görünə bilər, amma bunu il ərzində həmin yoldan istifadə edən nəqliyyat vasitələrinin sayına vurduqda, bu, xeyli vəsait edir və bu vəsait cari yolların təmirində və onun qayda salınmasında yetərli məbləğ ola bilər”, – həmsöhbətimiz fikirlərini tamamlayıb.