Fransa Zəngəzur dəhlizini “ələ keçirmək” istəyir – Ziyafət Əsgərovbackend

Fransa Zəngəzur dəhlizini “ələ keçirmək” istəyir – Ziyafət Əsgərov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropanın Ermənistanı sürətlə silahlandırması onun əvvəllər guya Azərbaycanla Ermənistan arasında sülh bağlanması ilə bağlı göstərdiyi “fəaliyyətini” bir daha üzə çıxardı.

NOCOMMENT.az xəbər verir ki, bunu Avropanın Ermənistanı sürətli şəkildə silahlandırması ilə bağlı redaktor.az-a danışan Milli Məclisin deputatı Ziyafət Əsgərov deyib.

Millət vəkili bildirib ki, sülh müqaviləsinin imzalanması ilə bağlı Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri Brüsseldə Şarl Mişelin vasitəçiliyi ilə dəfələrlə görüşüb:

“Amma indi üzə çıxdı ki, bunlar hamısı əslində Ermənistanı müdafiə edən adamlardı. Bunlar görüntü yaradırlar, sülh prosesi ilə manipulyasiya edirlər. Görünən odur ki, Avropa İttifaqı və Ermənistan sülh istəmir. Əgər sülh istəsəydilər, onlar Ermənistanı silahlandırıb, Qafqazda bu qədər gərginlik yaratmazdılar. Mənim fikrimcə, məqsəd ondan ibarətdir ki, Avropa Birliyi Fransanın timsalında Qafqazda möhkəmlənmək istəyir və Rusiyanı buradan çıxarmaq istəyir. Bunu artıq Rusiyada da bəyan ediblər, Rusiyanın xarici işlər naziri də bunu bildirib. Bunu hamı bilir, gizlin deyil. İndi Rusiya ilə Ukrayna arasında müharibə gedir və Rusiyanın diqqətini oradan ayırmaq, Rusiyanı sanki iki cəbhədə müharibəyə sövq etmək və bununla da Rusiyanı zəiflətmək istəyirlər. Bu da reallıqdır. Digər bir məsələ isə mənim fikrimcə, Fransa istəyir ki,  Zəngəzur dəhlizini ələ keçirsin, daha doğrusu, nəzarət etsin. 2020-ci il noyabr ayının 10-da Ermənistan kapitulyasiya aktını imzaladı. Orada göstərilir ki,  Zəngəzur dəhlizində nəzarəti Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları həyata keçirəcək. Paşinyan bu yaxınlarda bəyanat etdi ki, xeyr, o nəzarəti özümüz həyata keçirəcəyik. Deməli, Paşinyan bu öhdəliyindən də qaçdı”.

Deputat vurğuladı ki, üçtərəfli bəyanatda nəzərdə tutulan öhdəliklərin heç birini Ermənistan bu günə qədər yerinə yetirmədi:

“Nə Qarabağdan qanunsuz birləşmələrini çıxartdı, nə minaların xəritəsini verdi, nə də bu dəhlizlə bağlı bir iş gördü. Bütün öhdəliklərdən boyun qaçırdı və biz məcbur olduq Qarabağda özümüz antiterror tədbirləri keçirdik və Qarabağdan seperatçıları çıxartdıq. Burada məqsəd ondan ibarətdir ki, Avropa İttifaqı və Fransa istəyir ki, o dəhlizə nəzarəti özləri etsin, bununla da Qafqazda möhkəmlənsin. Bunun üçün də Ermənistanı silahlandırırlar, sülh danışıqlarını uzadırlar ki, görək bunun axırı nə olacaq, necə olacaq. Bunlar bu sadaladıqlarımı etmək istəyirlər, amma biz əlbəttə bunun əleyhinəyik. Biz istəmirik ki, kimsə Fransadan, Avropa Birliyindən gəlsin, Qafqaza öz qoşunlarını yeritsin. Avropanın orada missiyası var, missiya adı ilə onlara silah gətirirlər, qoşun gətirmək istəyirlər. Bütün bunlar Qafqazda vəziyyəti gərginləşdirir. Biz, əlbəttə, Qafqazda vəziyyətin gərginləşməsinin əleyhinəyik, sülh müqaviləsinin bağlanmasını istəyirik. Amma Ermənistan çox təəssüf ki, bundan boyun qaçırır”.