Körpə uşaq əlini burnuna aparırsa, gözü balacalaşıbsa, iştahsızdırsa, yaxud qızdırma, qusma, öskürək kimi simptomlar müşahidə olunursa, valideynlərin ağlına ilk gələn şey “çöp” və “çöpçü”dür. Uzun illərdir, el arasında məşhurlaşan bu cür “peşə sahibləri”, “mütəxəssislər” nədənsə insanları özlərinə inandırmağı bacarıblar. Bunun mövhumat olması bir yana qalsın, gigiyena baxımından da uşağın ağzına tüpürən, nəfəs yoluna üfürən “çöpçü”yə valideynlərin etibar edə bilməsi ağılasığmaz məsələdir. Maraqlı məqam isə budur ki, əksər valideynlər “çöpçü”nün etdiyi “prosedur”dan sonra qızdırmanın, halsızlığın yoxa çıxdığını, uşağın normal vəziyyətə qayıtdığını deyirlər.
Bəs görəsən, doğrudan da “çöpçü”lərin qeyri-adi bacarıqları var, yoxsa bu, tamamilə illuziyadır?
NOCOMMENT.az xəbər verir ki, bu barədə Pravda.az-ın suallarını cavablandıran tanınmış həkim-allerqoloq Şahvələd Məmmədov deyib ki, “çöpçü” deyilən anlayış yoxdur:
““Çöpçü”lər söhbəti, deyəsən, ancaq Azərbaycandadır. Yaxın regionlarda belə yenə də bizim azərbaycanlılar “çöpçü”lüklə məşğuldurlar. Gürcüstanda yaşayan azərbaycanlıların da içində “çöpçü”lər var. Bunu uzun illərdir, bilirəm. “Çöp” deyilən bir anlayış yoxdur. Burunun yad cismi var. Bununla isə lor həkimləri məşğul olurlar. Uşaqlarda burundan udlağa keçən və “xoana” adlanan kanal var. Həmin kanalda ilişib qalan nəsə ola bilər. Bəli, bu yad cisim qızdırma verə, problem yarada bilər. Lazım gəlsə, bunu lor həkimlərimiz müasir avandanlıqlarla təmin olunmuş aparatla çox asanlıqla təmizləyirlər. “Çöp” deyilən bir şey yoxdur, bu, doğrudan da illuziyadır. Belə şeylərə inanmayın. Ehtiyac varsa, valideynlər burun-boğaz həkiminə müraciət etməlidirlər”.