“Prezidentin iştirakıyla açılışları olan bir çox iri müəssisələr hazırda adi sex səviyyəsində fəaliyyətdədir” – ƏTRAFLIbackend

“Prezidentin iştirakıyla açılışları olan bir çox iri müəssisələr hazırda adi sex səviyyəsində fəaliyyətdədir” – ƏTRAFLI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda sahibkarlığa dəstək və biznes mühitinin yaxşılaşdırılması üçün mühüm işlər görülüb. Bu sahədə aparılan islahatlar ölkə iqtisadiyyatına töhfə verməklə yanaşı, eyni zamanda, özəl sektorun inkişafına zəmin yaradıb. Aparılan islahatların nəticəsində qeyri-neft sektoru az bir müddətdə geniş inkişaf edib.

NOCOMMENT.az xəbər verir ki, KONKRET.az-a açıqlamasında iqtisadçı-ekspert Fuad İbrahimli bildirib ki, sahibkarlığa dəstək, biznes mühitinin yaxşılaşdırılması dünyanın müxtəlif ölkələrində öz müsbət töhfəsini verir: “Bu ən geridəqalmış iqtisadiyyatı belə stimullaşdıracaq amildir. Eyni zamanda, rəqabət mühitinin də sağlamlaşdırılması kimi addımlar vacibdir. İstənilən halda sahibkarlığa dövlət nəzarəti müsbət nəticələr verə bilir. Təbii ki, bu istiqamətdə ölkəmizdə də bir sıra işlər görülür. Bununla belə bəzi icra mexanizmlərində müəyyən axsamalar da mövcuddur”.

Daha sonra liberal iqtisadiyyatın başlıca cəhətlərindən danışan ekspert bildirib ki, aidiyyəti dövlət qurumlarının nümayəndələri sahibkarlara kömək etməlidir: “Əgər belə olarsa, ölkəmizdə kiçik və orta sahibkarlıq sürətlə inkişaf edə, mikrosahibkarlıq hansısa kredit dəstəkləri ilə deyil, öz maliyyə imkanları hesabına biznesini dayanıqlı şəkildə daha da gücləndirə bilər”.

İqtisadçı-ekspert onu da vurğulayıb ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafında müəyyən problemlər var: “Statistik məlumatlar da bunu təsdiq edir. Lakin hamıya məlumdur ki, dövlət başçısı Azərbaycanda sahibkarlığın inkişafına xüsusi nəzarət edir. 2006-cı ildən başlayaraq ölkəmizdə Prezidentin iştirakı ilə iqtisadiyyat sektoruna aid çox sayda müəssisənin açılışı olub. Problem ondadır ki, həmin müəssisələrlə bağlı müəyyən təftiş aparılsa, çox acınacaqlı mənzərələr ortaya çıxacaq. Ölkəmizin müxtəlif regionlarında sənaye parklarının təsis olunmasına baxmayaraq, ümumi nəticə heç də yaxşı deyil. Təəssüflər olsun ki, Prezidentin iştirakı ilə açılışları olan bir çox iri müəssisələr hazırda adi sex səviyyəsində fəaliyyətdədir. Bunun üçün də iri müəssisələrin təsis olunması zamanı bütün texniki və real imkanlar dəqiq şəkildə nəzərə alınmalıdır. Əks halda isə həmin müəssisələr müvəqqəti və aldadıcı olur. Nəticə etibarilə statistikada da heç bir müsbət nəticələr əks olunmur”.

Müsahibimiz keçmiş sovet respublikalarından Belarusun iqtisadi durumunu Azərbaycanla müqayisə edib. Bildirib ki, təkcə yarım milyon əhalisi olan Qomel şəhərində 120-dən çox müəssisə məhsuldar şəkildə fəaliyyət göstərir. Üstəlik, hər müəssisədə ən azı 13-15 min nəfər işləyir: “Əfsuslar olsun ki, bizdə bu sahədə ciddi problemlər hələ də qalmaqdadır. Ona görə də məni bir iqtisadçı-mütəxəssis olaraq Azərbaycandakı qeyri-neft sektorunun fəaliyyəti qane etmir. Görünür ki, ölkəmizdə təsis olunan iri sənaye parklarının real fəaliyyət göstəriciləri barədə cənab Prezidentə doğru və dəqiq məlumatlar verilmir. Təklif edərdim ki, bu sahədəki problemlərin həlli üçün obyektiv audit qrupu yaradılsın. Yalnız şəffaf təftiş və nəzarət nəticəsində biz bu istiqamətdə böyük nailiyyətlər əldə edə bilərik”.