“Şimal-Qərb bölgəsi sakinlərinin diqqətinə! 5-ci ildir ki dayandırılan Bakı – Balakən dəmir yolu marşrutu bu il də istifadəyə verilməyəcək. Ötən gün ADY rəsmisi növbəti dəfə APA-ya geniş bir müsahibə verib”.
NOCOMMENT.az “Yeni Sabah”a istinadən bildirir ki, bunu kommunikasiya üzrə ekspert Osman Gündüz deyib. ADY-in sərnişin xidmətini sərt tənqid edən ekspert müsahibəni analiz edib:
“Diqqətlə oxudum. Lakin gözlədiyimin əksinə olaraq , müsahibədəki cari və perspektiv işlərlə bağlı hissədə Bakı -Balakən dəmir yol xəttindən ümumiyyətlə söhbət getmir. Hansı ki, əvvəlki açıqlamalarda daxili imkanlar hesabına məhz bu istiqamətdə işlərin sürətləndiyi və ən yaxın müddətdə istifadəyə veriləcəyi açıqlanırdı.
Görəsən ADY -nin qərarlarının tez-tez dəyişilməsinə hansı amillər təsir edib?
Bir neçə gün öncə hökumət uzun illərdən sonra ilk dəfə olaraq Prezident fərmanında nəzərdə tutulan ADY-nin büdcədən subsidiyalaşması məsələsini yenidən gündəmə gətirib. ADY-nin vuruşaraq hökumətdən az da olsa vəsait əldə edə bilməsi də diqqət çəkəndir.
Amma burada söhbət yalnız şəhərətrafı sərnişindaşımadan gedir.
Əgər hökumət uzun illər daxili sərnişindaşımaya pul tapmayıbsa, Qarabağda aparılan bərpa işlərindən sonra bu sahəyə vəsaitlər ayıracağı da dumanlı görsənir.
ADY-nin daxili imkanları, 5 ildir ki dayandırılan və yararsız vəziyyətə düşən bütün daxili xətlərin, Bakı -Balakən, Bakı -Astara, Bakı -Qazax, Bakı -Yalama və s. xətlərin bərpasına imkan verəcəkmi?
Müsahibədən isə bütün bunların ağlabatan olmadığı görsənir.
Hələlik görünən odur ki, dəmir yolunda prioritet sərnişindaşıma deyil, yükdaşımadır.
Belə görünür ki, yaxın perspektiv üçün üfüqdə Bakı – Balakən və eləcə də digər daxili marşrutların açılması gözlənilmir.
ADY də pul, vəsait tapmır. Belə olan halda isə biz, son zamanlar yetərincə aktiv olan ADY rəhbəri Rövşən müəllimə təklif edərdik ki, ayrı-ayrı dəmir yolu marşrutlarının xarici şirkətlərə icarəyə verilməsi məsələsini gündəmə gətirsin”.