Türk Ticarət Sərgisinin təqdimatı olubbackend

Türk Ticarət Sərgisinin təqdimatı olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu il noyabrın 7-dən 9-dək İstanbulda ilk dəfə olaraq Türkdilli Dövlətlərin Ticarət və İnvestisiya Əməkdaşlıq Forumu və Sərgisi (Türk Ticarət Sərgisi) keçiriləcək. Tədbir Türkiyənin Ticarət Nazirliyinin himayəsində ROK Beynəlxalq Konsaltinq şirkəti tərəfindən təşkil olunacaq. Sərginin təşkilatçısı ROK-un rəhbəri, azərbaycanlı vəkil Aygün Əliyevadır.

NOCOMMENT.az AZƏRTAC-a istinadla xəbər verir ki, İstanbulda sərginin təqdimatı ilə bağlı “Türk dövlətlərinin iqtisadi gücü və Türk Ticarət Sərgisinin gətirəcəyi fürsətlər” mövzusunda tədbir keçirilib.

Tədbirdə Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibinin müavini Ömər Kocaman, Türk Ticarət və Sənaye Palataları Birliyinin baş katibi Adem Kula, Azərbaycanın Türkiyədə Ticarət Nümayəndəliyinin baş məsləhətçisi Cavid Abdullayev, Özbəkistanın İstanbuldakı baş konsulu Şerzad Abdunazarov, qardaş ölkədə fəaliyyət göstərən ticarət nümayəndəlikləri və şirkətlərin rəhbərləri iştirak ediblər.

Çıxış edən TDT Baş katibinin müavini Ömər Kocaman təşkilata üzv ölkələrin “Türk dünyasına baxış-2040” strategiyasının, eləcə də 2026-cı il üçün nəzərdə tutulan ortaq strategiyanın olduğunu bildirib. Türk dünyasının alıcılıq qabiliyyətinin 4 trilyon dolları keçdiyini qeyd edən Ö.Kocaman, ölkələrimizin ümumi əhali sayının təxminən 170 milyon olduğunu diqqətə çatdırıb.

TDT daxilində ticarət həcminin 50 milyard ABŞ dollarına çatdığını və bu rəqəmin ən az 100 milyard dollara çatdırılması istiqamətində səylərin artırılmasının zəruriliyini qeyd edən Ö.Kocaman bu istiqamətdə son 2-3 il ərzində ciddi təbii artım olduğunu deyib. Bildirilib ki, TDT daxilində fəaliyyətlər artıq ifadələrlə deyil, real layihələrlə davam etdirilir. Bütün bu səylərin nəticəsidir ki, ölkələrimiz arasında əməkdaşlıq hər sahə üzrə sürətlə artır.

Keçiriləcək sərgini Türk dünyası birliyinin gücünü göstərəcəyini qeyd edən Özbəkistanın İstanbuldakı baş konsulu bunun əhəmiyyətini vurğulayıb.

Ötən il Azərbaycanın xarici ticarət həcminin təxminən 45 milyard dollara çatdığını qeyd edən Azərbaycanın Türkiyədə Ticarət Nümayəndəliyinin baş məsləhətçisi Cavid Abdullayev isə ölkəmizdə sahibkarlara və investorlara yaradılan əlverişli şəraitdən danışıb. O, Azərbaycanda, xüsusilə işğaldan azad edilmiş ərazilərdə yaradılmış investisiya imkanları və təşviqlər haqqında geniş məlumat verib, Qarabağ və Şərqi Zəngəzurda “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyalarının həyata keçirilməsi, bu ərazilərdə “yaşıl enerji zonası”nın yaradılması, həmçinin Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında tətbiq olunan güzəştlər barədə bəhs edib.

Sonra Ticarət Nümayəndəliyi tərəfindən hazırlanan, ölkəmizin və işğaldan azad edilmiş ərazilərimizin investisiya imkanlarını özündə əks etdirən videoçarx nümayiş olunub.

Noyabr ayında açılacaq sərginin Türk dövlətləri arasında güclü ticarət körpüləri yaradacağını vurğulayan ROK-un rəhbəri Aygün Əliyeva bildirib ki, Şərqlə Qərb arasında ticarətin kəsişməsində yerləşən Türk dövlətləri 1,9 trilyon dollar dəyərində iqtisadiyyatı və zəngin təbii ehtiyatları, eləcə də Orta Dəhliz üzərində yerləşməsi ilə böyük imkanlar təqdim edir.

Vurğulanıb ki, TDT ölkələri arasında ticarət, sənaye, investisiya, texnologiya və xidmətlərin inkişaf etdirilməsi məqsədi daşıyan Türk Ticarət Sərgisi dövlət qurumları tərəfindən dəstəklənən platformadır.

Tədbir mövzu ətrafında müzakirələrlə davam etdirilib.