Macarıstan Ukrayna və Rusiya arasında sülh danışıqları platformasına çevrilməyə hazırdır.
NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti-yə müsahibəsində Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto bildirib.
Onun sözlərinə görə, hərbi əməliyyatlar başlayandan az sonra o, Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Ukrayna prezident administrasiyasının rəhbəri Andrey Ermakla əlaqə saxlayıb.
“Mən onlara eyni şeyi söylədim – Macarıstan həmişə danışıqları asanlaşdırmağa hazırdır”, – deyə Siyarto bildirib.
Macarıstanlı nazir əlavə edib ki, hər iki tərəfə öz mövqeyini bildirmək üçün bərabər şərait, bərabər təhlükəsizlik və bərabər şans veriləcək. Nazir qeyd edib ki, Macarıstan ərazisində sülh danışıqlarının aparılması təklifi hələ də qüvvədədir.