“Taksi sayının azalması 35 minə yaxın insanın işini itirməsinə səbəb oldu” — AÇIQLAMAbackend

“Taksi sayının azalması 35 minə yaxın insanın işini itirməsinə səbəb oldu” — AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Bakıda taksilərin sayının 67-70 mindən 35 minə endiyini bildirib. Vurğulayıb ki, qanunla müəyyən edildiyi kimi yaşı çox olan avtomobillər artıq taksi xidmətlərindən kənarlaşdırılıb və bu avtomobillər taksi aqreqatorlarının sistemindən çıxarılıb. AYNA sədri Anar Rzayev isə əlavə edib ki, həyata keçirilən tədbirlərin əsas məqsədi ictimai nəqliyyatın təşviqi və şəxsi minik avtomobillərindən istifadəni azaltmaqdır.

Belə ki, taksilərlə ilə bağlı təhlükəsizliyin və keyfiyyətin artırılması baxımından atılan addımlar müsbət qiymətləndirilsə də, bu, 30-35 min insanın işsiz qalmasına da səbəb oldu. Bu da özlüyündə işsizliyin və sosial gərginliyin artmasına gətirib çıxarır.

Bəs, öz qazancını taksi fəaliyyəti ilə təmin edən şəxslər indiki vəziyyətdə nə etməlidir?

NOCOMMENT.az xəbər verir ki, mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, 30-35 min insan başqa yerdə iş tapmasalar yenə o köhnə avtomobilləri ilə müəyyə tətbiqlər vasitəsilə daha ucuz və qeyri-rəsmi fəaliyyət göstərəcəklər.

Natiq Cəfərli qeyd edib ki, tənzimləmə mexanizmləri sayın azaldılmasına yox, keyfiyyətin yüksəldilməsinə görə hesablansaydı o zaman fərqli bir mənzərə ilə rastlaşardıq:

“Bu məsələdə məhz sayın azaldılmasına fokuslanmaq doğru deyildi. Hədəf keyfiyyətin yüksəldilməsi olmalı idi. Təbii ki, taksi xidmət ilə məşğul olanlar xüsusi lisenziya almalı, tibbi müayinədən keçməlidirlər. Çünki ictimai nəqliyyatda təhlükəsizlik məsələsi önəmlidir. Amma burada keyfiyyətin yüksəldilməsi, yeni standarların gətirilməsi, bu standartlara uyğun olan avtomobillərin daha asan qeydiyyatdan keçirilməsi məsələsi önə çıxasaydı daha doğru olardı. Bizdə isə hədəf götürüldü ki, taksilərin sayı azaldılsın. Bu hədəf doğru deyil. Kim hesablayıb ki, Bakı şəhərində 30 min taksi olmalıdır? Bəlkə 50 min olmalıdır. Bakı şəhəri Abşeron yarımadası və Sumqayıtı da götürsək 4 milyona yaxın insanın yaşadığı böyük ərazidi. İnternet çağında dövlət tərəfindən tənzimlənən taksi xidmətinə alternativ bolt taksi xidməti də yaranacaq. 30-35 min insan başqa yerdə iş tapmasalar yenə o köhnə avtomobilləri qeyri-rəsmi fəaliyyət göstərəcəklər. Qonşular, dostlar, tanışlar telefonla zəng edib çağırıb xidmətlərindən istifadə edəcəklər. Bəs buna necə nəzarət olunacaq? Bəzən belə tənzimləmə sistemləri əks effekt də verir.

Taksilərin sayının azaldılması dövlət və hökumət orqanlarının əsas vəsifəsi ola bilməz. İnsanları keyfiyyətin yüksəlməsi və qiymətin onları məmnun edəcək səviyyədə olması maraqlandırır. Nədənsə, məhz saya köklənməsi o qədər də izaholunan bir məsələ deyil. İqtisadi qanunlara görə, hansısa bir xidmətin və ya məhsulun bazarda sayı azalırsa, qiyməti də qalxır. Azərbaycanda da eyni şey baş verdi. Keyfiyyətdə isə hələki hansısa ciddi dəyişiklik baş verməyib. Taksi xidməti ilə bağlı çevrəmizdəki insanların da şikayətləri artıb. Onlar bildirirlər ki, taksini gözləmə müddəti uzadıb. Əvvəllər taksi 4-5 dəqiqəyə reaksiya verib gəlirdisə, indi 20-25 dəqiqə gözləməyə məcbur olurlar. Yəni qiymət artıb gözləmə vaxtı uzanıb. Keyfiyyətdə də ciddi bir dəyişiklik olmayıb”.

Natiq Cəfərli qeyd edib ki, 30-35 min insanın fəaliyyətsiz qalması ölkədə iqtisadi baxımdan işsizlərin sayının və sosial gərginliyin artmasına səbəb olacaq amillərdən birinə çevrilə bilər:

“Bu, çox ciddi məsələdir. Ölkədə taksi fəaliyyəti ilə məşğul olan şəxslərin böyük qismi digər yerlərdə iş tapa biməyən insanlar idi. Çoxları kreditlə avtomobil alıb, özlərinə, ailələrinə qazanc əldə etməyə çalışırdılar. Həmin insanlar başqa yerlərdə iş tapsaydılar taksi xidməti ilə məşğul olmazdılar. Onların yenidən əmək bazarında hansısa bir fəaliyyət növü ilə məşğul olmaq imkanı heç yoxdur demirəm, amma məhduddur. Bu məsələlər mətbuatda çıxarkən mütəxəssislər tərəfindən xəbərdarlıqlar olunurdu. Öncədən dövlət proqramları qəbul olunmalı idi. Bununla bağlı dövlət və hökumət orqanları, o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bu istiqamətdə addımlar atmalı idi ki, bu insanlar işsiz qaldıqda onların müraciət etməyə bir yeri olsun. Təəssüf ki, belə olmadı. Faktiki olaraq taksi sayının azalması Azərbaycanda vətəndaşlara qiymət artımı ilə geri döndü. Üstəgəl 30 minə yaxın insanın işini itirməsinə səbəb oldu”.