Ən yüksək dövlət vəzifəsi uğrunda mübarizə aparan ABŞ-ın vitse-prezidenti Kamala Harris payızda seçkilər ərəfəsində bəzi ştatlarda reklamlara 370 milyon dollar xərcləməyi planlaşdırır.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.
Harrisin kampaniyası televiziya reklamlarına 170 milyon dollar xərcləmək niyyətindədir, qalan 200 milyon dollar isə rəqəmsal təşviqat vasitələrinə gedəcək. “Bizim 2024-cü ildə müasir kampaniyamız var, büdcənin 80%-nin TV-yə getdiyi keçmişdə ilişib qalmamışıq”, -seçki kampaniyası rəhbərinin müavini Kventin Fulks nəşrə bildirib.
O, əlavə olaraq qeyd edib ki, əsas diqqətin smartfonlar, kompüterlər və digər elektron cihazların istifadəçilərinə göndərilməsinə qərar verilsə də, Harris kampaniyası hələ də dörd il əvvəl Co Baydenin etdiyindən daha çox ştatlarda televiziya spotlarına pul xərcləyəcək. Pensilvaniya və Viskonsin ştatlarında onların xərcləri iki dəfə, Corciyada dörd dəfə, Nevadada isə altı dəfə çox olacaq.