“Tesla”nın Avropada satışları artacaq – Komissiya yaşıl işıq yandırdıbackend

“Tesla”nın Avropada satışları artacaq – Komissiya yaşıl işıq yandırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Birliyinin Komissiyası Çində istehsal edilən elektrik avtomobilləri ilə bağlı araşdırmanın nəticələrini açıqlayıb. 

NOCOMMENT.az xarici mediaya istinadən xəbər verir ki, araşdırmaya əsasən Avropa Birliyi Çin avtomobillərinin idxalı zamanı əlavə vergi tətbiqini artırmağı düşünür. Təklif edilən layihəyə əsasən “BYD”yə 17, “Geely”yə 19,3, “SAIC” 36,3 faiz, digərlərinə 20-35 faiz vergi tətbiq ediləcək.

Açıqlamada Avropa Birliyi istehsalçıları ilə əməkdaşlıq edən və ortaq olan Çin istehsalçılarının gözlənildiyindən daha aşağı vergi dərəcələrindən faydalana biləcəyi xatırladılıb. Açıqlamada təhqiqatın qəti nəticələrini ehtiva edən tənzimləmənin ən geci oktyabrın 30-dək Avropa Birliyinin rəsmi jurnalında dərc ediləcəyi bildirilib.

 Xatırladaq ki, bu ilin iyulun 5-dən başlayaraq Çində istehsal olunan elektrik avtomobillərinin birliyə üzv ölkələrə idxalına müvəqqəti əlavə vergilər tətbiq edilməsinə başlanılıb. Qərardan əvvəl Avropa Birliyinə Çindən idxal edilən elektriklə işləyən avtomobillərə 10 faiz vergi tətbiq edirdi. Avropalılar əksər Çin istehsalçılarına əlavə vergi tətbiq etsə də, yeni layihədə “Tesla”ya güzəştli şərtlər təklif olunub. Bu şərtlərə görə “Tesla” 20,8 faiz yox, 9 faiz vergi ödəyəcək.

Son illərdə Avropa ölkələrində satılan elektrik avtomobillərində Çin istehsalçılarının payı sürətlə artır. Çində istehsal olunan aşağı qiymətli və subsidiyalı elektrik avtomobillərinin satışları rəqiblərini qabaqlayır. 2019-cu ildə Avropa Birliyində satılan elektrikli avtomobillər arasında Çin markalarının payı 1 faizdən aşağı olsa da, bu yaxınlarda 8 faizə çatıb. Çinin oxşar seqmentlərdə elektrikli avtomobil qiymətləri Avropada istehsal olunan modellərdən 20 faiz aşağıdır. Bu vəziyyət Avropalı istehsalçıları narahat edir.