“Biz ərzaq təminatımızın 50 faizini idxal edirik. Bu isə çox böyük rəqəmdir”.
NOCOMMENT.az xəbər verir ki, bu sözləri Valyuta.az-a kənd təsərrüfatı üzrə mütəxəssis Xosrov Musayev dünyada və ölkəmizdə ərzağa tələbatın artmasının səbəbləri haqqında danışarkən deyib.
Xosrov Musayev bildirib ki, dünyada da ərzağın qiyməti artır. Çünki insanların sayı çoxalsa da, təbii resurslar artmır, bu da ərzaq qıtlığının yaranmasına səbəb olur:
“Dünyada 1 milyarddan çox insan aclıq, 44 ölkədə isə 1 milyard yarım insan susuzluqdan əziyyət çəkir. Bu da bizə də təsir göstərir. Ona görə də, ölkə daxilində kənd təsərrüfatının inkişafına şərait yaratmalıyıq.
Xarici ölkədən aldığımız toxumlar hibrid toxumlardır. Biz isə bu toxumları hər il almağa məcburuq. Çünki onlardan yenidən toxum tutmaq olmur. Xaricdən gətirilən sortlar superintensivdir, onların məhsuldarlığı çoxdur. Lakin bu sortlardan salınan bağlar bir neçə ildən sonra məhv olur. Yenidən həmin bağı salmaq üçün çox xərc çəkmək lazımdır”.
Mütəxəssisin sözlərinə görə, ölkədə yerli, təbiətimizə, iqlimimizə uyğun sortların yaradılmasına, olanları isə qorumağa ehtiyac var. Bunun üçün də çoxlu maliyyə vəsaiti tələb olunur:
“Bundan əlavə, xarici sortların ölkəyə gətirilməsinə də nəzarət olmalıdır ki, yerli sortlar bazardan çıxarılmasın. Çünki bizim sortlar məhsuldarlıq baxımından zəif olsa da, keyfiyyət baxımından üstündür. Fermerlər bu cür toxumları tingləri seçərkən onların məhsuldarlığına aldanır. İllər sonra isə bu bitkilərin məhsuldarlığı azalır. Ancaq bu gün bazarda həmin bitkilərə tələb varsa, onlar da bazara gəlir. Məsələn, əvvəl qara qarpız, ağ qarpız kimi yerli qarpız sortlarımız var idisə, indi isə ölkədə Amerika qarpızı əkilir. Bu sortlar isə genləri modifikasiya edilərək yaradılır, bu isə insan orqanizm üçün ziyandır. Hətta həmin sort bitkilərə qurd da düşmür. Bu ümumilikdə çox ciddi məsələdir, hətta dövlət səviyyəsində müzakirə olunmalıdır.
Gələcəkdə dövlətlər istehsal edən və istehlak edən olaraq bölünəcək. Biz isə çalışmalıyıq ki, həm də istehsal edən ölkə olaq. Bunun üçün də mütəxəssislər hazırlanmalı, bu sahənin inkişafına xüsusi diqqət artırılmalıdır. Məhsuldarlığı çox olan bitkilərin becərilməsi ilə daha çox məşğul olmaq lazımdır”.