Demokratiya dərsləri: Qərb Azərbaycandan nəyi öyrənə bilər?backend

Demokratiya dərsləri: Qərb Azərbaycandan nəyi öyrənə bilər?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən əsrin 90-cı və 2020-ci illərində Qarabağın müdafiəsi, daha sonra işğaldan azad edilməsi uğrunda Ermənistanla iki dəfə qanlı toqquşmalara məruz qalan Azərbaycan getdikcə bərpa olunur, gələcəyə baxır. 2003-cü ildən ölkəyə rəhbərlik edən Azərbaycan Prezidenti İlham Əliyev geniş xalq dəstəyinə malikdir.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki,  sentyabrın 1-i keçirilən növbədənkənar parlament seçkiləri zamanı Laçına səfər edən britaniyalı jurnalist Pol Bolduin “Ekspress” qəzetindəki məqaləsinə belə başlayır.

Müəllif yazır ki, Azərbaycan 1991-ci ildə SSRİ-nin süqutundan sonra müstəqillik qazanmış gənc dövlətdir. Ölkə, əsasən, Xəzər dənizinin şelfindəki nəhəng neft və qaz ehtiyatları sayəsində kapitalist inkişaf yoluna uğurla qədəm qoyub. 2000-2014-cü illərdə Azərbaycan dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatlarından biri olub.

“2020-ci ildə əldə etdiyi qələbədən sonra Azərbaycan Qarabağ üzərində nəzarəti bərpa etdi və regionun Böyük Qayıdış adlı genişmiqyaslı yenidənqurma proqramına başladı. Məqsəd 90-cı illərin əvvəllərində evlərindən qovulmuş 700 min azərbaycanlını geri qaytarmaqdır”, – materialda qeyd olunub.

Müəllifin fikrincə, bütün bunlar çox böyük zəhmət tələb edən işlərdir. Eyni zamanda işin miqyası insanı valeh edir: “İnfrastruktur, qaz, işıq, su, banklar, mağazalar, məktəblərlə təchiz olunmuş, sıfırdan qurulmuş yeni şəhərlərdə oldum. Bu, yalnız başlanğıcdır. Bu yeni şəhərlər – bundan sonra da çox sayda inşa olunacaq – energetika baxımından özünü tam təmin edir. Yəni enerji günəş panellərindən və su elektrik stansiyalarından əldə olunur”.

Post-breksit dövründə Britaniya üçün Azərbaycan investisiya və əməkdaşlıq baxımından böyük imkanlar təklif edir. Ölkə artıq Avropa İttifaqını neft və qazla təmin edir və BP kimi Britaniya şirkətləri Azərbaycanda ən böyük xarici investorlardır.

Müəllif seçki zamanı gördükləri ilə bağlı təəssüratlarını da bölüşüb: “Demokratiyaya gəlincə, Qərb öz qiymətləndirmələrində diqqətli olmalıdır. Azərbaycan problemlərə baxmayaraq, gələcəyə inamla baxır, demokratik institutlarını gücləndirir”.

Məqalə maraqlı bir ifadə ilə bitir: “Söhbət demokratiyaya gəldikdə isə düşünməyə dəyər ki, biz hər beş nəfərdən yalnız birinin Kir Starmerə səs verdiyi bir ölkədə yaşayırıq, lakin bizdə böyük çoxluğa və effektivliyi sıfır olan müxalifətə malik hökumətimiz var. Əgər bu demokratiyadırsa, kiminsə dediyi kimi, onda mən bananam..”