Pandemiya dövründə bahalaşan qlobal mənzil qiymətləri 2022-ci ilin üçüncü rübündən etibarən ucuzlaşır. Belə ki, qlobal mənzil qiymətləri bu ilin birinci rübündə keçən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 1% azalıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Beynəlxalq Hesablaşmalar Bankının (BIS) açıqladığı mənzil qiymətləri statistikasında deyilir.
Birinci rübdə mənzil qiymətlərinin ən çox ucuzlaşdığı ölkə 13,7% ilə Lüksemburq olub. İkinci yerdə 13,2% azalma ilə Honq-Konq qərarlaşıb. Türkiyə birinci rübdə mənzil qiymətlərinin ən çox azaldığı 3-cü ölkə olub. Belə ki, ölkədə birinci rübdə mənzil qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 8,9% azalıb.
Digər tərəfdən, bu dövrdə mənzil qiymətlərinin ən çox artdığı ölkə 15,6% ilə BƏƏ olub. Polşa 14,6% artımla ikinci, Bolqarıstan isə 12,2% artımla üçüncü yeri tutub.
Pandemiya zamanı mənzil qiymətlərinin ən çox artdığı ölkə isə Türkiyə olub. Araşdırmalara görə, 2022-ci ilin üçüncü rübündə Türkiyədə mənzil qiymətlərində illik artım 59,6% təşkil edib.