“İranın Ermənistana dəstək verməsi birbaşa Amerikadan idarə olunan layihədir” – Fazil Mustafabackend

“İranın Ermənistana dəstək verməsi birbaşa Amerikadan idarə olunan layihədir” – Fazil Mustafa

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian Rusiyaya səfər edib. Səfər çərçivəsində Zəngəzur dəhlizi ilə bağlı danışıqların aparılması gözlənilir.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana son səfərindən və Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Zəngəzur dəhlizi ilə bağlı məlum açıqlamasından sonra İran çox narahat olub. Belə ki, Zəngəzur dəhlizinin açılmasını özünün və Ermənistanın mənafelərinə zidd olduğunu deyən cənub qonşumuz indi də Rusiyanı bu məsələdən vaz keçirməyə çalışır.

Bəs İran kommunikasiya xəttinin açılmasından niyə bu qədər narahatdır?

NOCOMMENT.az xəbər verir ki, mövzu ilə bağlı Redaktor.az-a danışan millət vəkili Fazil Mustafa bildirdi ki, İranın Ermənistana dəstək verməsi birbaşa Amerikadan idarə olunan layihədir.

“İranın artıq hansı siyasəti izləməsi özü üçün də aydın deyil. Yəni bu dövlət başını itirib. Bu dövlət İsmayıl Haniyə və Qasım Süleymani məsələlərindən sonra göstərdi ki, heç bir ciddi gücə sahib deyil və ancaq qarğış və dualarla kiməsə cavab vermək iqtidarındadır. Bu gün İranın içində də kifayət qədər ciddi proseslər gedir və son seçkilər də bunu göstərdi ki, artıq İranda saxta İslam rejimindən bezmə amili çox ciddi şəkildə təzahür edir. Bu baxımdan da, indi burada bir fərqli siyasət yeritmə naminə belə bir ifadə işlədir. Hətta bu, müəyyən dərəcədə ABŞ-nin xətti ilə uzlaşan bir addım ola bilər. Çünki İranın Ermənistana dəstək verməsi birbaşa Amerikadan idarə olunan layihədir. Amerika istəsə Ermənistana ən sərt formada qadağa qoyar ki, hər hansısa bir əməkdaşlıq etməsin. Amma ABŞ bunu həmişə stimullaşdırır. Halbuki İranın başqa dövlətlərlə əməkdaşlığına çox pis baxır. Bu baxımdan da, İran müstəqil dövlət kimi davranmır. İran bütövlükdə dünya müsəlmanlarına qarşıdır. Dünyada müsəlmanların bölücülük mərkəzi İrandan başlayır. Amma İranda onları yoxa çıxardacaq iradə, güc yoxdur”.

Deputatın sözlərinə görə, İranın fikirləri Azərbaycan üçün mühüm əhəmiyyət kəsb etmir.

“Azərbaycan bu məsələdə İranın hansı rəyə sahib olmasına elə də əhəmiyyət vermir. Bizim üçün bölgədə kommunikasiyaya, əməkdaşlığa maraqlı olan dövlətlərin rəyi lazımdır. Bu rəyi də almışıq. Ona görə də İranın hansısa bir şəkildə Ermənistan üzərində müəyyən stimullaşdırıcı addım atması, Ermənistanın bundan çəkilməsi də mümkün olmayacaq. Çünki bölgə dövlətləri Ermənistanı da məcbur edəcəklər ki, buna getsin. Sülh danışıqları ilə bağlı layihədən hər nə qədər çıxarılsa da, Zəngəzur dəhlizi məsələsi durur. Ermənistanla biz necə sülh içində yaşaya bilərik? Ermənistan Naxçıvana hansısa bir şəkildə təhdid edəcəksə, ya hansısa bir uzaqmənzilli toplardan, yaxud da dronlardan hansısa bir müdaxilə edəcəksə, Azərbaycan da buradan ona Ermənistana hərtərəfli müdaxilə edəcək. Ona görə bu sülhün baş tutması mümkün deyil. Zəngəzur dəhlizi açılmalıdır ki, bölgə də hərbiləşmiş vəziyyətdən çıxsın və daha çox mülki həyatın canlandığı bölgəyə çevrilsin. Ona görə İranın bu cür hərəkətləri bölgədə sabitliyin olmasına qarşı atılan addımdır. İran da sabitliyin pozulmasının əsas mənbəyi olan ölkələrdən biridir. Biz İranın rəyinə baxsaq, onda gərək bölgədə yaşamayaq. Biz öz varlığımızı sürdürmək üçün özümüzə lazım olan bu layihələri dostlarla, tərəfdarlarla birlikdə həyata keçirəcəyik”, – deyə Fazil Mustafa vurğuladı.