Bu ilin oktyabr ayında Bakı və Sumqayıt şəhərlərində ilk innovasiya mərkəzlərinin istifadəyə verilməsi nəzərdə tutulur.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri İnara Vəliyeva “Chain Reaction 2024” forumu çərçivəsində keçirilən “Mədəniyyət olaraq innovasiyalar” adlı panel müzakirəsində bildirib.
Onun sözlərinə görə, ilin sonuna kimi Gəncədə, gələn il isə Bakıda daha bir neçə innovasiya mərkəzlərinin yaradılması planlaşdırılır: “Bakıda olan mərkəzi biz yaradırıq, Gəncə və Sumqayıtda açılacaq mərkəzlər üzrə isə tərəfdaşlarımızla iş aparırıq. Onlara bu işdə həm maliyyə həm də kontent dəstəyi göstəririk.
Hədəfimiz bu mərkəzlərdə təqaüd, təhsil, inkubasiya proqramlarını cəmləşdirməklə, regionlarda şahibkarlıq düşüncəsinin, xüsusən texniki sahədə startapların yaradılmasını stumullaşdırmaqdır. Çünki innovasiya mərkəzlərinin yaradılması innovasiya mədəniyyətinin formalaşması üçün çox vacibdir. Bu, nəticə etibarı ilə yeni ideyaların formalaşması üçün münbit şərait yaradır. Böyük şirkətlərin bu cür ideyalara böyük tələbi var, startaplar isə öz növbəsində məhsullarını satmaq üçün imkan əldə edəcəklər”.
Dövlət-özəl tərəfdaşlığının təşəbbüslərin davamlılığını təmin etməyə kömək edəcəyini deyən İ. Vəliyeva, biznes sektorunun onların uzunmüddətli inkişafında əsas rol oynayacağını əlavə edib.