Gələn həftə Ekvadorun bütün əhalisi dörd gecə ərzində elektrik enerjisi təchizatında səkkiz saat davam edəcək fasilə ilə üzləşəcək.
NOCOMMENT.az xəbər verir ki, güclü quraqlıq nəticəsində ölkənin əsas su elektrik stansiyalarında baş vermiş enerji çatışmazlığı yeni mərhələyə qədəm qoyub. Ölkənin daxili tələbatını ödəməyə mane olan quraqlıq Ekvadorun hakimiyyət orqanlarını stansiyaların ümumi fəaliyyətini dayandırmağa məcbur edib.
Ekvadorun daxili işlər naziri Monika Palensianın sözlərinə görə, elektrik enerjisinin kəsilməsi ilə əlaqədar elektrik şəbəkəsinin dayandırılması zamanı insidentlərin qarşısını almaq məqsədilə hökumət komendant saatı tətbiq etmək niyyətindədir.
Həmçinin Ekvador Silahlı Qüvvələri ölkənin ikinci ən böyük Mazar su anbarına nəzarət etməyi planlaşdırır. Bir neçə aydır And dağı silsiləsində yağışın olmaması səbəbindən bu su anbarının səviyyəsi son günlər kəskin şəkildə aşağı düşüb.
Bu, bir ildən az müddət ərzində Ekvadorda elektrik enerjisi təchizatında üçüncü uzunmüddətli fasilədir. Hesablamalara görə, elektrik enerjisində fasilənin hər saatı təqribən 12 milyon dollar itki ilə nəticələnir.