“Paytaxtda iş yerləri və xidmət sahələrinin çoxluğu, sosial imkanlar, bölgələrdə yaşayan əhalinin Bakıya köçməsinə səbəb olur. Ümumi daxili məhsulun, ixracatın 90 faizi Bakı və Abşeronun payına düşür. Təbii ki, iqtisadi fürsətlər Bakıdadır. Ona görə də əhali paytaxta axın edir. Məskunlaşma iqtisadi fürsətlərlə bağlıdır”.
NOCOMMENT.az xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli Bakupost.az -a açıqlamasında deyib.
O bildirib ki, harda ki, iqtisadi fürsətlər genişdir, orada məskunlaşma da sıxdır. İqtisadi fürsətlərə sənaye, emal müəssisələri, fabrik, zavodlar, əkinə yararlı torpaqlar və s. daxildir. İqtisadi imkanlar çoxaldıqca, daxili miqrasiya da artır. Niyə son illər Bakıya böyük axın oldu? Çünki paytaxtda iş imkanları genişləndi. Sadəcə, tikinti sektorunu xatırlatmaq yetərlidir:
“Bakıda, Sumqayıtda, Gəncədə hər zaman sıx məskunlaşma olub. 21-ci əsrdə isə məskunlaşma yüksək həddə çatdı. Çünki bu şəhərlərdə iş və qazanc imkanları var. Bakı ilə regionlar arasındakı kəskin fərqlər də paytaxta axını təşkil edən əsaslı səbəblərdəndir”.
İqtisadçının dediyinə görə, Bakıya kütləvi axın regionlarda iqtisadi inkişafa mənfi təsir göstərir. Regionlarla Bakı arasında iqtisadi fərqin azaldılması, eyni zamanda, bölgələrdə sosial tələbatların ödənilməsi üçün infrastuktur yaxşılaşdırılmalıdır ki, kənddən şəhərə gələnlərin sayı azalsın:
“Bölgələrə daha çox investisiya yatırmaq, dövlətin təşəbbüslərindən başqa, sahibkarların, iş adamlarının da investisiya yatırmasına nail olmaq, rəqabət mühitinin yaxşılaşdırılmasına çalışmaq lazımdır. Dünya praktikasında iqtisadi inkişafı və bundan irəli gələrək məskunlaşma səviyyəsini yüksəltmək üçün bir sıra güzəştlər tətbiq edilir. Azərbaycanın hər bölgəsi nəyləsə seçilir, fərqlənir. Sadəcə, bu fərqli cəhətlərdən çıxış edərək, hər bölgənin spesifik xüsusiyyətinə uyğun iqtisadi fürsətlər yaradılmalıdır. Pilot layihələr həyata keçirilə, dediyim kimi, vergi siyasətində fərqlilik tətbiq edilə bilər. O cümlədən yerli əhalinin mədəni tədbirlərə, informasiya-kommunikasiya texnologiyalarına sərbəst çıxışı təmin edilməlidir ki, bölgəni tərk etmək məcburiyyətində qalmasınlar, əksinə, başqa rayonlardan, şəhərlərdən ora axın artsın. 21-ci əsrdə şəhərlə kənd arasında dərin fərqlər olmamalıdır. Belə fərqlər olduqda, kənd sıxıcı hala gəlir və əhali də şəhərlərə üz tutur. Kəndli krediti də, gübrəni də, texnikanı da, əkini üçün zəruri olan suyu da asan əldə etməlidir. Onun məhsulu ədalətli qiymətə alınmalıdır. Bu məsələlər hökmən həllini tapmalıdır. Əks halda əhalinin kəndlərdən şəhərə axını gərginlik yaradacaq və biz aqrar sektorun imkanlarından lazımınca istifadə edə bilməyəcəyik. Bunun üçün düşünülmüş və iqtisadi fürsətləri genişləndirən strateji hədəf, plan lazımdır”.