Azərbaycan Mətbuat Şurasında Şuranın Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə reallaşdırdığı “Azərbaycan media landşaftı üzrə məlumat bazasının yaradılması” layihəsi çərçivəsində üçüncü toplantı keçirilib. Tədbiri giriş sözü ilə açan MŞ sədri Rəşad Məcid QHT Agentliyinə Şuranın sözügedən layihə təşəbbüsünə həssas yanaşdığına görə təşəkkür edib.
NOCOMMENT.az xəbər verir ki, R.Məcid bildirib ki, “Azərbaycan media landşaftı üzrə məlumat bazasının yaradılması” layihəsi üzrə ilk iki toplantı iyul və avqust aylarında keçirilib. Həmin toplantılarda layihə ilə bağlı ölkəmizin media məkanı barədə aydın təsəvvür formalaşdıran məlumat bazası yaratmaq ideyası ətrafında görülmüş işlər təqdim olunub.
Məlum olduğu kimi, layihə çərçivəsində MŞ-nin “presscouncil.az” saytında “Azərbaycanın media landşaftı” adlı xüsusi kateqoriya yaradılıb. Həmin kateqoriya özündə “Azərbaycanda informasiya dövriyyəsini tənzimləyən qanunlar”, “İnformasiyanın etik standartlarını müəyyən edən yerli və beynəlxalq sənədlər”, “Azərbaycanın aparıcı media subyektləri”, “Azərbaycan mediasından gender balansı”, “I və II Qarabağ müharibəsi dövründə Azərbaycan mediası” yarımkateqoriyalarını, həmçinin layihə çərçivəsində yayımlanmış məqalələri və keçirilmiş tədbirləri birləşdirib. Bu barədə məlumat verən R.Məcid əlavə edib ki, mediamızdakı dinamika istər-istəməz palitra zənginliyi yaradır. Zənginlik isə ortaya institsional baxışın qoyulmasını ehtiyaca çevirir. Layihənin məqsədi həm də bu ehtiyacı qarşılamaqdır.
Layihə çərçivəsində indiyədək Azərbaycanın informasiya dövriyyəsinin tənzimlənməsi və beynəlxalq təcrübənin tətbiqi istiqamətində dörd fundamental yüklü məqalənin yayımlandığını diqqətə çatdıran R.Məcid sözügedən mövzuda əlavə səkkiz məqalənin hazırlanacağını, həmçinin iki toplantının təşkil olunacağını, “Azərbaycanın media landşaftı” kateqoriyasının zənginləşdirilməsinə yönələn işlərin görüləcəyini diqqətə çatdırıb.
MŞ-nin icraçı katibi Əvəz Rüstəmov toplantı iştirakçılarını Şuranın “Presscouncil.az” saytında yaradılmış “Azərbaycanın media landşaftı” kateqoriyası haqqında məlumatlandırıb. O bildirib ki, dekabr ayınadək reallaşdırılıcaq “Azərbaycan media landşaftı üzrə məlumat bazasının yaradılması” layihəsi çərçivəsində sözgedən kateqoriyanın tam dolğunluğunun təmin edilməsi istiqamətində işlər davam etdirilir. İndiyədək mövcud olmuş aktiv media subyektlərinin siyahısına əlavələr aparılıb.
MŞ İdarə Heyətinin üzvü, “Azərbaycan media landşaftı üzrə məlumat bazasının yaradılması” layihəsinin eksperti Müşfiq Ələsgərli iştirakçıları “Azərbaycanın media landşaftı” kateqoriyasının xüsusiyyətləri ilə bağlı geniş məlumatlandırıb. O, həmçinin, bildirib ki, media landşaftı ifadəsi beynəlxalq media terminalogiyasında istifadə olunur. Şuranın layihəsi bu ehtiyacın ölkəmizlə bağlı seqmentini nəzərə almaq zərurətindən qaynaqlanır.
Toplantıda çıxış edənlərdən Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının prezidenti Eldar İsmayılov, BDU-nun Hüquq fakültəsinin Mülki proses və kommersiya hüququ kafedrasının müdiri, hüquq üzrə fəlsəfə doktoru, dosent Əsmər Əliyeva, Bakı Slavyan Universitetinin professoru, əməkdar jurnalist Şəlalə Həsənova və başqaları icra olunan layihənin əhəmiyyətini vurğulayıblar. Onlar götürülmüş kursun sistemli və ardıcıl icrasının müsbət nəticələr doğuracağına inandıqlarını deyiblər. Tədbirdə həmçinin, iştirakçıların sualları cavablandırılıb, təklifləri qruplaşdırılıb.