ABŞ Ermənistana hərbi yardım etdiyini gizlətmir. Bu, o deməkdir ki, gələcəkdə dəstək daha da artırıla bilər.
NOCOMMENT.az xəbər verir ki, bunu “Report”a açıqlamasında politoloq, professor Əlimusa İbrahimov deyib.
O bildirib ki, yardımların əsas məqsədlərindən biri Ermənistanın Rusiyaya qarşı müqavimətini gücləndirməkdir: “Bu, bizə ABŞ-nin Gürcüstan, Ukrayna ssenarisini xatırladır. Yardımın Ermənistanın Rusiya ilə əlaqələri kəsməsinə qədər davam etməsi mümkündür. Amma rəsmi İrəvanın buna gedib-getməyəcəyi sual altındadır. Vaşinqton məqsədinə çatmaya da bilər”.
Ə.İbrahimov qeyd edib ki, ABŞ Ermənistandan Rusiyaya qarşı ritorikasını gücləndirməsini istəyir: “Əgər bu olarsa, dəstək daha da arta bilər. Əks halda isə əksinə, ABŞ dəstəyi azalda, təzyiqi artıra bilər. ABŞ Ermənistana təkcə birdəfəlik yardımlar etmir, həm də bu dövlətin iqtisadiyyatını gücləndirməyə çalışır. İndiki məqamda Ermənistan Rusiya ilə münasibətləri kəsmək istəmir. Bunu yalnız o vaxt edər ki, ABŞ və Avropanın Ermənistana ayırdığı dəstək Rusiyanın yardımlarından daha çox olsun. İrəvan Moskva ilə münasibətləri tam kəsməyənə qədər qismən təhlükəsiz olacaq. Əks halda Ermənistan Rusiya ilə Qərb arasında hərbi poliqona çevrilə, Ukraynadan daha ağır vəziyyətə düşə bilər”.
Professor söyləyib ki, ABŞ-nin Ermənistana dəstəyi davam etdirməsinin bir məqsədi də Cənubi Qafqazda yeni gərginlik yaratmaqdır: “Ancaq ABŞ-nin bu məqsədinə nail olacağını düşünmürəm. Ən azı yaxın gələcək üçün. Çünki ABŞ nə qədər yardım etsə də, Ermənistanın potensialının yaxın vaxtlarda Azərbaycanla eyni səviyyəyə çatacağı inandırıcı deyil”.
Qeyd edək ki, ABŞ Dövlət Departamentindən bildirilib ki, Ağ Ev Ermənistanın özünün seçdiyi münasibətləri davam etdirməklə bağlı suveren hüququna hörmət edir.
ABŞ-nin Ermənistana yardımlarını artırmasına gəldikdə bildirilib ki, Vaşinqtonun bu ölkəyə yardımı onun demokratik və iqtisadi inkişafını artırmaq, regional iqtisadiyyata inteqrasiyanı gücləndirmək, ticarəti şaxələndirmək və mənfi təsirlər qarşısında dayanıqlılığını gücləndirməyə xidmət edir.
Vurğulanıb ki, ABŞ Azərbaycan və Ermənistanın regionda təhlükəsizliyi və tərəqqini təmin edəcəyinə inanır, davamlı və layiqli sülh sazişinə nail olmaq səylərini dəstəkləyir: “Tərəflər razılaşmanın yekunlaşdırılması istiqamətində əhəmiyyətli irəliləyiş əldə ediblər və ABŞ bu prosesi istənilən şəkildə dəstəkləməyə sadiqdir”.