“Azpul” krediti gecikdirənləri kütləvi şəkildə məhkəməyə verə bilər?backend

“Azpul” krediti gecikdirənləri kütləvi şəkildə məhkəməyə verə bilər?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azpul” Bank Olmayan Kredit Təşkilatı vasitəsilə insanlar kiçik məbləğdə kredit götürə bilirlər. Bu kreditlərin məbləği böyük olmadığı üçün bəzən onun ödənilməsində səhlənkarlıqlar olur. Bu insanlardan çox vaxt “20 manata görə, məhkəməyə verməzlər” kimi fikirlər eşidirik. Yaxud “400-500 manata görə məhkəməyə müraciət etmək “Azpul”a sərf etməz” deyirlər. MMC nümayəndələri isə borcu ödəməyən müştərilərlə əlaqə saxlayan zaman onları məhkəmə verəcəklərini bildirirlər. Yəqin ki, kiçik məbləğlər olduğu üçün hamını ayrı-ayrılıqda məhkəməyə vermək onlar üçün də sərfəli olmur. Belə fikirlər də var ki, “Azpul”a kiçik məbləğdə borcu olanları ayrı-ayrı məhkəməyə vermək sərfəli olmasa da, krediti gecikdirən şəxsləri kütləvi şəkildə məhkəməyə verə bilər.

Bu hal nə dərəcədə real ola bilər?

NOCOMMENT.az xəbər verir ki, Valyuta.az-a danışan hüquqşünas, bank eksperti Əkrəm Həsənov deyir ki, kredit təşkilatı kütləvi şəkildə şəxsləri məhkəməyə verə bilməz:

“Borcu ödəməyən şəxsləri ayrılıqda məhkəməyə verə bilərlər, amma bu, onlar üçün əlverişli deyil. 20 manata görə kimisə məhkəməyə vermək, ona sərf edilən vaxt, vəkillərin tutulması kredit təşkilatına sərf etmir. Ola bilər ki, nadirən kimisə məhkəməyə versinlər, amma kütləvi şəkildə bu mümkün deyil. Bir iddia ərizəsində bütün krediti gecikdirən şəxslər haqqında məlumat yazmaq olmaz”.

Ekspert bildirdi ki, təşkilatların məhkəməyə müraciət etməsi üçün dövlət rüsumu ən azı 30 manatdır:

“Amma məbləğ yuxarı olduğu təqdirdə dövlət rüsumu da artır. Məncə, şəxsin ən azı 1000 manat kredit borcu olmalıdır ki, təşkilat məhkəməyə müraciət etsin. Ondan aşağı məbləğə görə, şəxslərin məhkəməyə verilməsi sərf etmir”.

“Onlar hesablayırlar ki, ödəməyənlərin sayı çox olmayacaq. Borc da bir kredit təşkilatına olduğu üçün gecikmə olsa da, çox adam ödəyəcək” – deyə Ə.Həsənov qeyd etdi.