“Azərenerji” ATSC ötən həftə iki tenderinin nəticələrini açıqlayıb.
NOCOMMENT.az Tribunainfo.az-a istinadən xəbər verir ki, sözügedən qurum hər iki tenderi bir şirkətə verib.
Belə ki, həmin tenderlərdən biri “Təkəqaya” və “Ağçay” KSES-nin yenidən qurulması ilə bağlıdır. Bunun üçün “Azərenerji” 19.839.606,24 manat pul ayırıb.
İkinci tender isə “Çaykənd-2” KSES-in tikintisini əhatə edir. Bununla bağlı ATSC 16.763.385,11 manat xərcləməyi qərarlaşdırıb.
Qeyd edək ki, hər iki tenderin qalibi “BCC GROUP” Qapalı Səhmdar Cəmiyyətidir.
BCC Group şirkətinin rəsmi səhifəsində qeyd edilir ki, onlar energetika, neft-qaz, neft-kimya və digər sahələr üzrə infrastrukturun layihələndirilməsi, tikintisi, idarə olunması və xidməti üzrə MST (Mühəndislik/Satınalma/Tikinti) –podratçıdırlar. Şirkət 1997-ci ildən Azərbaycanda və regionda tikinti biznesi, həllərin optimallaşdırılması, öz müştərilərinə kompleks və əlavə xidmətlərin təqdim edilməsi ilə məşğuldur.
Bundan başqa, BCC Group 2020-ci ildə Dərnəgüldə istehsal gücü 800 ton olan yeni pöoladəritmə zavodu da açıb.
Həmçinin araşdırmalar zamanı o da məlum olub ki, iki il öncə “BCC Group” nizamnamə kapitalının 6 milyon 20 manat məbləğindən 41 milyon 20 manat məbləğə artırıb. Bunu hansı imkanlar hesabına etdiyi barədə bilgilər yoxdur. Məlum olan odur ki, “BCC Group” QSC-nin qanuni təmsilçisi Abbasov Teymur Rəhim oğludur. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov, ev 26, m 61-dir. Şirkətin faktiki ünvanı Bakı şəhəri, Nərimanov, rayonu Dərnəgül şossesi, 2098-də yerləşir.
Xatırladaq ki, bu, “Azərenerji” ilə BCC Group arasında ilk tender anlaşması deyil. Bundan öncə də, Mingəçevir İstilik Elektrik Stansiyası üzrə tikinti və təmir işlərini sözügedən şirkət həyata keçirib. Həmçinin Kür çayı üzərində sualtı bəndin tikintisi də bu layihələrdən biri olub.