Assimilyasiya, mədəni soyqırımı: Biabırçı tarixə malik Kanada Azərbaycanın ünvanına böhtanlar səsləndirir – TƏHLİLbackend

Assimilyasiya, mədəni soyqırımı: Biabırçı tarixə malik Kanada Azərbaycanın ünvanına böhtanlar səsləndirir – TƏHLİL

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kanadanın xarici işlər naziri Melani Joli Azərbaycana qarşı qərəz və böhtan dolu bəyanatla çıxış edib.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, Ermənilərin Azərbaycanın Qarabağ bölgəsini guya məcburi şəkildə tərk etməsi barədə əsassız ittiham irəli sürüb, Azərbaycanın ərazi bütövlüyünə zidd olan və regionda gərginlik yaratmağa xidmət edən mövqe nümayiş etdirib.

Lakin artıq mövcud olmayan bir problemin həlli üçün “öz müqəddəratını təyin etmə” prinsipinə istinad edən kanadalı nazir Azərbaycana dərs keçməkdənsə, öz biabırçı tarixi ilə məşğul olsa, daha məqsədəuyğun olar.

Çox da uzaq olmayan keçmişdə, 2009-cu ilə nəzər salaq. Həmin dövrdə Kanadanın Saskaçevan əyalətinin yerli icması, əsasən, uşaqlara aid olan 751 ədəd məzar tapıb. Bu, həm o zaman uzun müddət müzakirə olunan hadisə, həm də Kanada tərəfindən bu ərazilərin yerli əhalisinə qarşı törədilən soyqırımının bariz nümunəsi idi.

Hər şey isə Avropa müstəmləkəçilərinin XVI əsrdən sonra regiona gəlişindən sonra başlayıb. Britaniya, Fransa və İspaniya imperiyaları bu əraziləri işğal edib, yerli xalqları diskriminasiya, assimilyasiya, eləcə də soyqırımına məruz qoymaq siyasəti yeridir, öz mədəniyyətlərini qəbul etdirirdilər.

Bütün bunlar sərt Avropa müstəmləkəçiliyinin qanunlarından, özü də amansız qanunlarından biri idi. Onlar təkcə özləri gəlmir, həm də özü ilə müxtəlif epidemik xəstəliklər, məcburi miqrasiya, eləcə də müharibələr gətirirdilər.

Bu siyasətin nəticəsidir ki, hazırda tarixən burada yaşayan xalqlar əhalinin, ümumilikdə, cəmi 5 faizini təşkil edir.

Lakin dəhşət təkcə bununla yekunlaşmır. Katolik kilsəsinin təşviq etdiyi özbaşınalıqlar bir yana, keşişlərin valideynlərindən zorla qoparılan uşaqları məruz qoyduğu cinsi istismar baş verənlərin ən dəhşətlilərindəndir. Onları qeyri-insanı rəftara məruz qoyan keşişlər bununla da kifayətlənmir, yerli əhalini milli kimliyindən məhrum etməkdən belə çəkinmirdilər. Özü də zorla…

Bir müddət əvvəl bu ərazilərdəki naməlum kütləvi məzarlar da həmin siyasətin acı nəticələrindən bəlkə də ən başlıcasıdır. Bu siyasətin isə bir adı var: assimilyasiya…

XVIII əsrdən əsası qoyulan bu yanaşmanın əsas məqsədi müstəmləkə dövründə yerli əhalini Kanada-Avropa dövlətinin identikliyinə tabe etmək idi. Bu yolda din və təhsil faktorlarından məharətlə istifadə olunurdu. Çünki bir xalqı özünə zorla tabe etdirmək, həmin xalqın nümayəndələrini təbəələrə çevirmək üçün yuxarıda sadalanan bu iki amildən daha təsirli vasitə ola bilməzdi. Bu yolda inzibati vasitələrdən də istifadə olunurdu. Hətta onların təbirincə desək, “vəhşi hinduları” dövlətə tabe etmək üçün bir sıra qanunlar da qəbul etmişdilər. Zorakı hakimiyyət yerli xalqları milli geyim, rəqs və digər adət-ənənələrdən məhrum edir, xristian köklü əhaliyə isə bir sıra çox ciddi imtiyazlar qazandırırdı.

Müstəmləkə mentalitetinin açıq şəkildə tətbiqinin bariz nümunəsi kimi təhsil sistemi “vəhşi” icmaları tərbiyələndirmək və onları Kanadanın “ali sivilizasiyasına” inteqrasiya etmək məqsədi daşıyırdı. Bu məqsədlə yerli əhaliyə aid minlərlə uşaq öz ailələrindən zorla alınaraq kilsələrin tabeliyindəki internat məktəblərində, xüsusilə də keşiş və rahibələr tərəfindən dini missionerliyə cəlb edilirdi.

Kanadanın internat məktəbləri yerli xalqların övladlarının assimilyasiyasına yönəlmişdi. Onlardan biri də Bişop Orden Memorial İnternat Məktəbi idi ki, bu məktəbdə təhsil alan oğlan və qızlar katolik keşişlər tərəfindən cinsi istismara məruz qalırdı. Katolik doktrinasına əsasən, keşişlər nikah bağlaya, istər həmcinsləri, istər əks cinsin nümayəndələri ilə münasibətdə ola bilməzdilər. Lakin bu məktəbdəki keşişlərin hədəfində azyaşlı oğlan və qızlar vardı. Buradan göründüyü kimi, onlar indiki terminlə deyilsə, uşaqbaz idilər.

Kanadanın qəbul etdiyi assimilyativ qanunların icra mexanizmi Hitler Almaniyasında II Dünya müharibəsi dövründə yəhudilərə yönələn siyasəti xatırladır. Burada isə Almaniyadan fərqli olaraq, həmin əməlləri törədənlər cəzasız qalır, Nürnberq prosesinin analoqu ilə heç üzləşmirdilər də.

2008-ci ildə qəbul olunan qanun isə daha dəhşətli faktları ortaya çıxarmışdı. Yaradılan xüsusi komissiya müəyyən etmişdi ki, 1883-1996-cı illərdə 150 internat məktəbində yerli xalqlara aid 150 min uşaq assimilyasiyaya məruz qalıb: ya zorlanıb, ya öldürülüb, ya da naməlum istiqamətlərə aparılıb.

Kanada hökuməti isə sonradan bu faktların araşdırılmasını mümkün olan bütün inzibati-hüquqi vasitələrlə əngəlləyib.

Sonradan komissiya da işini dayandırıb. Lakin yerli əhali bu prosesi davam etdirərək, Britaniya Kolumbiyası ərazisində 215 uşağa aid qardaşlıq məzarlığını tapmağa nail oldu.

İndi belə bir utancverici tarixi keçmişi olan dövlət Azərbaycanı Qarabağdakı ermənilərin hüquqlarını pozmaqda günahlandırır. Qəribədir ki, vaxtilə Avropa müstəmləkəçilərinin marioneti olan dövlət edir bunu.

Kanadanın xarici işlər naziri Melani Joli tipik ermənipərəst, çirkli keçmişi olan biridir. İndi belə bir adam Azərbaycan əleyhinə qərəzli bəyanatlar verir və bununla bölgədə sülhün təşviqinə yönələn əməllərə kölgə salmaq niyyəti güdür.

Rəsmi Bakının bu iddialara cavabı gecikməyib. Azərbaycanın Xarici İşlər Nazirliyi belə bir qərəzli yanaşmanı pisləyib və kanadalı nazirin faktları təhrif etdiyini bəyan edib.

Qeyd olunub ki, Azərbaycan 2023-cü ildə Qarabağ bölgəsində tam suverenliyini bərpa edib, Ermənistan silahlı qüvvələrinin bölgədə qanunsuz mövcudluğuna son qoyulub, separatçı rejim özünü buraxıb.

Kanadalı nazir yaxşı olar ki, məhz rəsmi Bakının faktlara və beynəlxalq hüquqa əsaslanan bəyanatlarını qəbul edib, həqiqətin gözünə dik baxsın, özünü ermənilərin yalançı tarix və qondarma “soyqırımı” təranələrinin əsirinə çevirməsin. Əks halda, ölkəsinin yerli xalqlarına qarşı əsrlərdir törətdikləri həqiqi soyqırımı, diskriminasiya və assimilyasiya faktları hər an sifətinə çırpılacaq.